Koronavirusla bağlı panikaya düşənlərə psixoloq tövsiyəsi – VACİB MƏLUMAT


Son vaxtlar ölkəmizdə və dünyada koronavirusa yoluxma və bu xəstəlikdən ölüm halları artıb. Belə bir dövrdə insanların panikaya düşməsi ilə bağlı psixoloq Rübabə Mərdanova psixoloji dəstək üçün paylaşım edib.
Yeniavaz.com həmin paylaşımı olduğu kimi təqdim edir:
“Pandemiyanın təzə başladığı vaxtı yəqin ki, xatırlayırsınız. İnsanlar virusa inanmır, "hər qrip olana korona diaqnozu qoyulur, başqa xəstəlikdən ölənlərə də koronavirus adı qoyurlar" deyirdilər. Bir sözlə, xəstəliyi inkar etmə var idi. Dalğaların sayı artdıqca, yoluxanlar çoxaldıqca hamı qəbullanmağa başladı, indi insanların psixoloji immuniteti ötən illə müqayisədə xeyli aşağı düşüb. Bir az narahatlıq hiss edən kimi panika başlanır.
"Orta əsrlərdə fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamısını edam etməyə zaman çatmırdı. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində tərkibi tabaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. İnsanlar bu tozu içib həqiqətən də ölürdülər. Meyiti incələyəndə məlum olurdu ki, orqanizmində zəhərləyici maddə var! Yəni, beynin təsirindən mədəaltı vəzi lazımı zəhəri ifraz edirmiş".
Buna psixologiyada "Nosebo effekti" deyilir. Mənası "Zərər verəcəyəm" deməkdir. “Nosebo effekti” zamanı insan ona zərər verə biləcəyini düşündüyü təsirə məruz qaldığında, bu təsir ona zərər verməsə belə, beyində artıq stimulyasiya olunaraq zərər verdiyini düşünməsidir. Qəbul etdiyimiz tam sağlam bir qida haqqında, bu qidanın kimisə zəhərlədiyini eşitdikdən sonra həqiqətən də, zəhərlənmiş kimi bir hal yaşaya bilərik. Zəhərli sarmaşığa qarşı allergiyası olan bir insanın qoluna adi bir yarpaq sürtüb, bunun sarmaşıq olduğunu desək, yarpaq toxunan nahiyədə qızartılar və qaşınma yaranacaq. Əgər hər hansı bir dərmanın qəbulundan sonra heç bir əks təsir görməmisinizsə, lakin dərmanın təlimatını oxuyarkən əlavə təsir olaraq baş gicəllənmə, ürəkbulanma, qaşınma ola biləcəyini oxuyursunuzsa və sizdə bu təsirlər baş verirsə, deməli, siz də "nosebo effektini" yaşadınız.
Bütün insanlara sağlamlıq arzulayıram! Bilin ki, həyatda hələ görəcəyiniz işlər çoxdursa, arzularınız varsa, yaşamaq gözəldirsə, siz bütün xəstəliklərə qalib gələcəksiniz!”

DİGƏR XƏBƏRLƏR

Top