"Hərbçimiz heç bir danışıq olmadan mütləq geri qayıtmalıdır" - Deputat


"Azərbaycan əsgəri, Azərbaycan vətəndaşı, Azərbaycan texnikası həmin əraziyə keçibsə belə, o ərazi Azərbaycan ərazisidir və heç bir danışıq olmadan mütləq geri qayıtmalıdır".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Azərbaycan hərbçisinin Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə erməni separatçıları tərəfindən əsir götürülməsinə münasibət bildirən deputat, məsələnin araşdırıldığını və hərbçinin qaytarılması üçün danışıqların getdiyini deyib:
"Rəsmi məlumata görə Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazimizə keçən əsgər psixiatrik xəstəxanadan qaçıb. Hal-hazırda məsələnin araşdırılması və həmin şəxsin geri qaytarılması üçün danışıqlar gedir. Əlbəttə ki, Rusiya sülhməramlılarının nəzarəti altında olsa da, ora Azərbaycan torpağıdır. Yəni əsgərin hərbi qaydaları pozması məsələsi Azərbaycanın istənilən ərazisində hüquqi araşdırma predimetidir və Azərbaycan bunu vurğulayır. Bu baxımdan danışıqlar gedir və şübhəsiz, məsələ öz həllini tapacaqdır. Düzdür, 10 Noyabr sazişinə görə keçmiş işğal edilmiş torpaqların bir hissəsində Rusiya sülhməramlıları 5 illik müddətdə yerləşdiriliblər. Məqsəd atəşkəsə və məsələnin qalan hissəsinin sülh yolu ilə həllinə nail olmaqdır. Amma bu baxımdan hesab edirik ki, bu tip məsələlərdə artıq tərəf məsələsi rol oynaya bilməz. Azərbaycan əsgəri, Azərbaycan vətəndaşı, Azərbaycan texnikası həmin əraziyə keçibsə də belə, o ərazi Azərbaycan ərazisidir və heç bir danışıq olmadan mütləq geri qayıtmalıdır. Orada Azərbaycan qanunlarından başqa digər qanun işləyə bilməz. Birinci dəfədir ki, belə hala rast gəlinir. Bu baxımdan hesab edirəm ki, bundan sonra Azərbaycan ərazi bütövlüyündə istənilən insidentin araşdırılması bir normaya çevriləcəkdir".

DİGƏR XƏBƏRLƏR

Top