Mingəçevirdə şəhid qardaşların ev muzeyinin açılışı olub - FOTOLAR + VİDEO


Mingəçevirdən olan şəhid qardaşlar Əli və İslamı anaları Sevinc xanım atasız böyütmüşdü . Əli 27, İslam 26 yaşında idi
. Qardaşların öz arzuları vardı. Əli nişanlı idi, qohum-əqrəba Əlinin toyuna hazırlaşırdı. Elə yeni evlərini də toy üçün tikdirmişdilər. Amma içərisində yaşamadılar. Bəy kostuyumu da otağından asılı qaldı.
Vətən müharibəsinin ilk günü Sevinc ana əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini aldı. Əli və İslam Əhmədov qardaşları sevdikləri vətən uğrunda şəhid oldular. Əli yaxşı tankçı idi. Qardaşlar döyüşdə də qəhrəmanlıqları ilə seçiliblər. Onlar şəhidlik zirvəsinə ucaldılar. İki qardaş idilər, onlar hələ balaca olanda ataları rəhmətə gedib. Eyni gündə məktəbə getdilər, eyni gündə işlədilər, eyni gündə şəhid oldular.

Yeniavaz.com xəbər verir ki, Sevinc ana oğullarının öz halal zəhmətləri ilə tikdirdikləri, arzu və planlar qurduğu ümid ocağını ev muzeyinə çevirərək övladlarının xatirəsini əbədiləşdirib. Qardaşların ev muzeyi onlara aid əşyalar, fotolarla bəzədilib. Mərasimi təşkil edən “Nur dəstək“ qrupu, icra nümayəndəsi, şəhid anaları, qazilər, məktəblilər çıxış edərək şəhid anasının belə incə zövqlə oğullarının xatirəsinə yaratdığı ev muzeyini təqdirəlayiq hadisə kimi dəyərləndiriblər. İki şəhid anası Sevinc xanım hər kəsə öz minnətdarlığını bildirib.
 Əli Əhmədov və İslam Əhmədov - Mingəçevirdən olan qardaşlar II Qarabağ müharibəsinin ilk günlərindən, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak ediblər. Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə isə eyni gündə şəhidlik zirvəsinə ucalıblar. Qardaşların anası Sevinc Əhmədovanın sözlərinə görə, əvvəlcə Əli, daha sonra İslam şəhid olub. Əhmədov qardaşları göstərdikləri şücaətə görə ölümlərindən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif ediliblər.
Qeyd edəki ki, eyni gündə şəhid olan qardaşlar daha öncə də medallarla təltif ediliblər. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan İslam daha öncə də iki medalla, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” medalı, Əli isə "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top