Kabildəki terror aktı ilə bağlı nə məlumdur?


Ötən gün – avqustun 26-da Əfqanıstanın paytaxtı Kabildəki hava limanında baş verən silsilə partlayışlar nəticəsində 100-dən çox insan dünyasını dəyişib, 150-dən çox xəsarət alan var. “Taliban”ın ölkədə hakimiyyəti ələ almasından sonra paytaxtın ən çox insan toplanan ərazisinə çevrilən və təhlükəsizliyin təmin edilmədiyi Kabil aeroportu, terror aktları üçün də münbit əraziyə çevrilmişdi. Bəs ötən gün baş verən partlayışla bağlı nələr məlumdur?
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, avqustun 26-da Taliban Əfqanıstanın paytaxtını ələ keçirdikdən sonra təxliyə edilməyi gözləyən minlərlə insanın son günlərdə toplaşdığı Kabil hava limanının yaxınlığında ən azı iki partlayış baş verib. Pentaqonun məlumatına görə, birinci partlayış hava limanının əsas girişlərindən biri olan Abbinin qapısında, ikincisi isə yaxınlıqdakı Baron Otelinin daxilində və ya yaxınlığında meydana gəlib. İlk partlayışın intiharçı tərəfindən törədildiyi, ikincinin isə partlayıcılarla dolu bir avtomobilin əraziyə aparılması nəticəsində meydana gəldiyi bildirilir. 
Bunlardan başqa hava limanı yaxınlığında daha kiçikmiqyaslı partlayışların da olduğu bildirilir. Taliban sözçüsü Zabihullah Mücahid, bu partlayışları ABŞ ordusunun öz texnikalarını məhv etmək üçün törətdiyini deyib və paytaxt sakinlərini narahat olmamağa çağırıb. Pentaqon daha sonra bir neçə nəzarətli partlayış törətdiklərini təsdiqləyib .
Amerika kəşfiyyatı terror hücumunun İŞİD (İraq Şam İslam Dövləti) terrorçuları tərəfindən törədildiyini düşünür. ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton hücumu törədənləri tapmaq və cəzalandırmaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə İŞİD-ə hücum planları artıq hazırlanır. Amerika lideri hesab edir ki, Taliban yaraqlılara terror aktının təşkilində kömək etməyib. 
Terror qurbanlarının dəqiq sayı məlum deyil. “The Wall Street Journal” 103 nəfərin dünyasını dəyişməsi barədə məlumat yayıb. “CBS” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən 150-dən çox zərərçəkənin olduğunu bildirib. 
Pentaqonun məlumatına əsasən terror hücumu nəticəsində 13 amerikalı əsgər ölüb, 15 əsgər müxtəlif bədən xəsarətləri alıb. Qeyd olunur ki, qoşunları Kabil hava limanı ərazisində yerləşən digər qərb ölkələri itki verməyib. BMT əməkdaşlarının da xəsarət almadığı qeyd olunur. 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, hücum zamanı hava limanında rusların olmadığını bildirib.
Qeyd edək ki, terror hücumundan əvvəl İngiltərə Müdafiə Nazirliyi təhlükə ilə bağlı xəbərdarlıq etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top