Bu "Facebook" hesabları şantaj yolu ilə istifadəçilərdən pul tələb edir


Son dövrlərdə “Facebook” sosial şəbəkəsində istifadəçilərin şantaj edilərək onlardan maddi vəsaitlər tələb edilməsi ilə bağlı şikayət halları çoxalıb. Şikayətçilər xüsusilə qadın bədəninin nümayiş olunduğu fotoların yerləşdirildiyi profillər tərəfindən şantaj edildiklərini bildirirlər. Belə hallara məruz qalanlar isə daha çox orta və yaşlı nəslin nümayəndələri və texnoloji yeniliklərdən daha az məlumatlı olanlardır.
Yeniavaz.com
xəbər verir ki, jurnalist Məhəmmədəli Qəribli məsələ ilə bağlı şikayətçilərin çoxluğu haqqında məlumat verib. O, zərərçəkənlər arasında bir din adamının belə olduğunu bildirib:
“Dostlar, yəqin ki, son vaxtlar qız profillərindən gələn videozənglərlə bağlı bir çox şəxslərin paylaşımlarına rast gəlirsiniz. Onlar iddia edirlər ki, gələn videozəngi açan kimi cavan bir xanımın soyunaraq bədənini nümayiş etdirdiklərini görürlər. 
Elə adamlar var ki, görüntünün real olduğunu zənn edib seyr edir, hətta “qadının” intim jestlərinə qarşılıq verənlər də olur. Ancaq bilməlisiniz ki, bu, xüsusi bir proqramdır və kadrlardakı robotdur. 
Bu yaxınlarda məhz bu üsulla Naxçıvanda tanınmış bir dindarı tələyə salıb, sonra videosunu paylaşıblar. Adam indi nəinki məscidə namaz qılmağa gedə bilir, hətta utandığından evdən bayıra belə çıxmır. 
Tələyə düşənlər elə bilirlər ki, bu səhnəni yalnız zəng edən qız və onun özündən başqa heç kim görmür. Ancaq hər iki şəxsin hərəkətləri xüsusi proqram vasitəsilə qeydə alınır. Əsasən hədəfə cəmiyyətdə tanınmış adamları alırlar.  Sonra çəkilən video ilə həmin adamı şantaj edirlər. 
Məqsədlərinə çata bilməyəndə, videonu ictimailəşdirirlər”.
Mütəxəssslər belə profillərdən gələn dostluq təkliflərini və görüntülü zəngləri dərhal qəbul etməməyi, əvvəlcə profilin saxta olub-olmadığını araşdırmağı tövsiyyə edir. Hər nə qədər “Facebook”un özü də belə profillərlə mübarizə aparsa da, hadisələr virtual aləmdə baş verdiyi üçün hüquq-mühafizə orqanlarının sözügedən şəxsləri müəyyən etməsi olduqca çətin prosesdir. Belə şəxslərin əsasən başqa ölkələrdəki şəxsləri hədəf seçdiyi qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top