“Taliban”a qarşı müqavimət göstərən Əhməd Məsud Rusiyanın RBC kanalına müsahibə verib.
Yeniavaz.com həmin müsahibəni təqdim edir:
- İndi harada olduğunuzu deyə bilərsinizmi?
- Pəncşirdə, evdəyəm.
- İndi sənin yanında neçə döyüşçü var?
- Minlərlə insan döyüşmək istəyir və hazırdır, neçə nəfər olduğunu söyləmək çətindir, amma bütün vilayət döyüşə hazırdır.
- Hazırda vəziyyət hansı yerdədir? “Taliban”la döyüşlər və ya silahlı toqquşmalar varmı?
- Hələ yox. Hər iki tərəf danışıqlara başlamağa çalışır, amma eyni zamanda hərbi varianta da hazırlaşırıq.
İndi vəziyyət budur. Biz sülh prosesinə ümid edirik. İnanırıq ki, digər ölkələr, qonşularımız, regional güclər, müdaxilə edəcək və “Taliban”la danışıqlar üçün addımlar atacaqlar. Çünki səmimi olaraq yeganə həll yolunun sülh danışıqları olduğuna inanıram. Ancaq, Pəncşir Vadisində bəzi hərbi manevrlər və hazırlıqlar var. Özümüzü müdafiə etməyə hazırlaşırıq, müqavimət göstərməyə hazırıq.
- Qarşı tərəf sadəcə Pəncşiri ələ keçirməyə hazırlaşır, yoxsa?
- İndiyə qədər sadəcə hazırlıqlar var. Hər hansı hadisə baş verməyib. Məsələ ondadır ki, dedikləri və etdikləri fərqlidir. Danışıqlara hazır olduqlarını söyləyirlər və açığı, bu bizi çox ruhlandırır. Ümid edirik ki, dediklərinə sadiq olacaqlar. Biz danışıqlara hazırıq, çünki Əfqanıstanda son 20 ildə, ümumiyyətlə son beş onillikdə kifayət qədər müharibə olub. Buna görə sülhə ehtiyacımız var və danışmalıyıq. Amma yerlərdə gedən hərbi hazırlıqlar bizi şübhələndirir.
- “Taliban”la toqquşma ehtimalı nə qədərdir?
- Ehtimalın 50 faiz olduğunu deyərdim. Sülh danışıqlarının nəticə verməsi mümkündür, ancaq hərbi qarşıdurma da ola bilər.
- Taliban liderləri ilə birbaşa əlaqəniz varmı?
- Bəli, onlarla bir neçə dəfə danışmışam. Onlara həlli necə gördüyümü söylədim.
- Kimə?
- Rəhbərliyə.
- Ordu rəhbərliyi də daxil olmaqla, Taliban liderləri ilə danışdığınızı söylədiniz. Əbdül Qani Baradarla söhbətiniz olubmu?
- Hələ yox. Amma tezliklə söhbətimiz baş tuta bilər.
- Təklif olacağı təqdirdə məclisə qoşulacaqsınızmı?
- Xalqımla danışmalıyam, çünki bu mənim qərarım deyil. Bütün bunları özüm üçün etmirəm.
- Rusiyanın rəsmi nümayəndələrindən hər hansı biri ilə əlaqəniz olubmu?
- Hələ yox. Amma ümid edirəm ki, bunu etmək üçün bir fürsət olacaq, çünki Rusiyanın Əfqanıstanda təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları var, siyasi vəziyyətlə bağlı narahatlıq var. Ümid edirəm ki, müdaxilə edəcəklər və şiddətin artmasının qarşısını almağa kömək edəcəklər. Və bu onların maraqlarına uyğundur, çünki burada ekstremist ideologiya tətbiq olunarsa, bu, bütün Orta Asiya və Rusiyanın cənubunda alovlanacaq, o zaman ekstremizm artacaq.
- Rusiyanın daha fəal olmasının lazım olduğunu deyəndə nəyi nəzərdə tutursunuz?
- Düşünürəm ki, Moskva bizimlə “Taliban” arasında bir növ təcili sülh danışıqları aparmağa kömək edə bilər. Mümkün olan və bizə edilməsi lazım olan kömək budur.
- Niyə Taliban hakimiyyəti Əfqanıstan üçün qəbuledilməzdir?
- Nə regional güclər, nə də digər dövlətlər tərəfindən tanınmayan Əfqanıstan dövlətinin olmasını istəmirik. Əfqanıstan vətəndaşlarının əziyyət çəkəcəyi bir ölkə istəmirik. Əfqanıstanda və ondan kənarda bir -birimizlə sülh içində yaşamağımıza mane olacaq bir hökumət istəmirik. Təəssüf ki, “Taliban”ın addımlarının tolerantlıq, insan və qadın hüquqları ilə bağlı olmadığını, demokratik dəyərləri bölüşmədiklərini göstərir. Və bunlar beynəlxalq ictimaiyyətin hökuməti tanıması üçün vacib olan şeylərdir. Bu bizim üçün bir problemdir, qəbul edə bilmərik.
- Əbdül-Rəşid Dostum və ailəsinin müqavimətinizə qoşulduğu doğrudurmu?
"Müqavimətimizin vəzifəsi təkcə Pəncşiri qorumaq deyil. Biz bütün Əfqanıstanı və Pəncşir bölgəsini təmsil edirik. Bütün ölkə naminə özümüzü müdafiə edirik. İndi təəssüf ki, sülh, ərazi bütövlüyü, suverenlik, müstəqillik qarşı tərəfin əlindədir. Son günlərdə Dostum və digər liderlərlə danışmışam və onlar nəinki sülh danışıqları ehtimalı, həm də müqavimət baxımından çox həvəsləndirici, ümidlidirlər.