Əli Həsənovun qızı işdən çıxarıldı - AÇIQLAMA + YENİLƏNİB


Əli Həsənov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, qızı Səfiyə Möhbalıyeva 3 il əvvəl, o, hələ sözügedən akademiyada kafedra müdiri olarkən öz ərizəsi ilə işdən çıxıb:
“Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.
Məlumat üçün bildirək ki, Əli Həsənovun adı ötən ilin noyabr ayına kimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rəsmi veb-saytında “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olaraq qeyd olunub. O zaman Əli Həsənovun qızı Səfiyə Möhbalıyevanın adı həmin siyahıda müəllim olaraq keçir. Daha sonra Əli Həsənovun adı Akademiyanın rəsmi veb-saytındakı siyahıdan çıxarılsa da, Səfiyə Möhbalıyevanın adı siyahıda saxlanılıb. Yalnız bu yaxınlarda Səfiyə Möhbalıyevanın da adı həmin siyahıdan silinib.

***14:10
Prezidentin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Möhbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.
Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.
Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbalıyeva “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.
Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbalıyevin həyat yoldaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top