“Məsafə, maska, spirt mənasızdır, ancaq vaksin qoruyacaq” – Aytən İsmayılzadə


“İndi aləm bir-birinə qarışıb. Bir yandan virus aktivləşib aramıza girməyə çalışır, digər yandan vaksin üstündə insanlar növbələrdə virusla burun-buruna dayanıb. Hardadır məntiq?”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə öz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, hazırda bəlkə də COVID-19-a yoluxan insanlara da peyvənd vurulur:
“Əlbəttə peyvənd lazımdır. Amma indimi? Hələ dörd ay əvvəl 5 apreldə ARB telekanalında “Günə doğru” verilişi üçün verdiyim müsahibədə demişdim ki, peyvəndləmə sürətli aparılmalıdır. Nə qədər ki, sakitlik vardı bu işlər də daha sürətlə edilməli idi. Səyyar vaksinləmə komandaları operativ şəkildə vaksinasiya prosesinə başlamalıydı. Yerindəcə vaksinləmə olmalı idi. Lakin biz tısbağa sürəti ilə getdik. Virus əlbəttə bizi ötəcəkdi. Mən 5 apreldə danışdım, İTS isə bu haqda 8 apreldə məlumat yaydı. Amma nə olsun. Elə işlədilər ki, hələ də bitirmədilər. Xeyli sayda saxta pasport verildi. Bura bizlərin məkanıdır e. Başqa cür də ola bilməzdi. Vaxtında həmişə deyirdim, indi də deyirəm "nəvəmə peyvənd etdirməmişəm, sizə də məsləhət görmürəm", - deyən nənə pediatrlar vaxtında cəza alsaydı, həmin mövzuda da bu qədər cinayət olmazdı”.
Pediatr həmçinin 3-cü doza vaksin vurduracağını da qeyd edib: “Nə məsafə, nə maska, nə spirt... hamısı boş və mənasızdır. Qorusa-qorusa vaksin qoruyacaq. Artıq üçüncü dozanı da vurduracam. İkinci dozadan sonra anticisimlərim artıb. Mən ölmək istəmirəm. Nə də yoluxub başqasının ölümünə səbəb olmaq istəyirəm. Böyüklər, hamınız vaksin olunun. Siz olunun ki, uşaqlar üçün də təhlükəli formalar yaranmasın. Bəli, vaksindən pul qazanırlar. Əyninizə geyindiyiniz paltardan, yediyiniz çörəkdən də pul qazanırlar. Nə olsun? Yəni acığa düşüb həyatınızı təhlükəyə atmayın. Vaksinin nə fəsadı ola bilər? Bildiyim qədər heç bir fəsadı yoxdur. Koronavirusdan isə minimum gələcək üçün şəkərli diabet gözləyirəm. Bu onu keçirən hər kəsə aid ola bilər. Daha keçdi. Səhiyyəmizin vuran qolu olan TƏBİB elə ləng tərpəndi ki, vaksinləmə ilə epidemiyanın gur vaxtını bir dövrə saldı. Bunun nəticəsi daha pis ola bilər. Çünki indi edilən vaksin bu dəqiqə yoluxmağa adam axtaran virusdan qorumayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top