Təkrar yoluxma ehtimalımız olsa belə nə üçün vaksin olunmalıyıq?


Yeni növ koronavirusa qarşı istehsal edilən peyvəndlər xəstəliyin ağırlaşmasının qarşısını alır. Lakin bu günə qədər istehsal edilən bütün peyvəndlər kimi, COVID-19 vaksinləri də 100 faiz qoruyuculuğa sahib deyil. Buna görə də peyvənd vurduran şəxslərin bir çoxu COVID-19-a yoluxa bilirlər. Əgər vaksin vurduran şəxslər virusa yoluxursa, insanlar niyə vaksin olunmalıdır? Vaksin olunan şəxslərdə hansı simptomlara daha çox rast gəlinir? 3-cü doza vaksini hər kəs vurdurmalıdırmı?
Yeniavaz.com
“CNN Türk”ə istinadla xəbər verir ki, Corc Vaşinqton Universitetinin professoru Lin Ven vaksinasiya ilə bağlı insanları maraqlandıran sualları cavablandırıb. Onun sözlərinə görə, vaksinlərin xəstəliyə qarşı qoruyuculuq təsiri bir müddətdən sonra zəifləyir:
“3-cü doza vaksini həkim məsləhəti ilə vurdurmağınız tövsiyə olunur. Əlavə doza vaksin vurdurmaq hamıya uyğun olmaya bilər. Buna görə də tibbi vəziyyətiniz nəzərə alınaraq vurdurmaq daha məsləhətlidir”.
Professor bildirib ki, koronavirusa qarşı peyvənd olunanlar, olunmayanlara nisbətən xəstəliyi yüngül simptomlarla keçirirlər:
“Yüksək hərarət və ya şiddətli öskürək kimi simptomlar ümumiyyətlə olmur. Peyvəndin gücü də bundadır”.
Ven həmçinin qeyd edib ki, virusun yoluxma təsirini azaltmaq üçün hər kəs vaksin vurdurmalıdır:
“Peyvəndi yağmurluq kimi düşünə bilərik. Yağmurluq sizi çiskin zamanı quru saxlayacaq. Hətta sizi leysandan da qoruya bilər. Ancaq hər gün yağış altında, fırtınalarda gəzirsinizsə islanma ehtimalınız da artır. Bu zaman problem yağmurluğun sizi qorumaması deyil, ətrafınızda pis hava şəraitinin olmasıdır. Hazırda dünyada baş verən vəziyyət də belədir.  Virus səviyyəsi o qədər yüksəkdir ki, peyvənd sizi qorumaq üçün yetərli olmaya bilər. Bu səbəbdən, əhalinin sıxlıq təşkil etdiyi ərazilərdən uzaq durmalı və maskadan istifadə etməlisiniz”.
Nəzmiyyə Sadıqova

DİGƏR XƏBƏRLƏR

Top