Elçibəyin Abdullah Çatlı ilə görüşü yenidən gündəm oldu: "Mənə dedi ki, ermənilərlə döyüşməyə gəlib" - FOTOLAR


Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Abdullah Çatlı adlı türkiyəli mafiya lideri ilə görüşü yenidən gündəmə gəlib. Həmin görüşü barədə ətraflı məlumatları təqdim edirik.
Yeniavaz.com
xəbər verir ki, həmin görüş barədə Elçibəy Türkiyənin “Milliyet” qəzetinə müsahibəsi zamanı danışıb. O, Birinci Qarabağ müharibəsi vaxtı Abdullah Çatlı ilə Azərbaycanda görüşdüyünü bildirib:
“Mən prezident olarkən yanıma 2 nəfər gəldi. Türkiyədən qonağım olduğunu dedilər. Kim olduqlarını soruşdum, “Mehmet Özbay” deyə cavab verdilər. İçəri daxil oldu, 3-5 dəqiqə söhbət etdik. Ermənilərlə döyüşə gəldiklərini söylədi. Əllərində düşərgələrin xəritəsi və 30 erməni terrorçusunun siyahısı var idi. Mən ona “ön cəbhədə döyüşmə, səni öldürərlər, sonra deyərlər ki, Türkiyə vətəndaşı burada öldü və diplomatik problemlər çıxar” dedim. Sonra ona bildirdim ki, əgər istəsə Azərbaycanda silahlı qüvvələrə təlim keçə bilər. Bir daha onu görmədim”.

Elçibəyin bu barədə danışdıqları 90-cı illərdə Azərbaycanda çap olunan “Avrasiya” qəzetində də dərc olunub. Orada Elçibəy Abdullah Çatlı üçün Azərbaycanda müəyyən bir yer ayrıldığını, orada təhlükəsizlik qüvvələrinə təlim keçdiyini bildirir:
“Onunla birgə yanıma gələn 2 nəfər mənə dedi ki, Abdullah Çatlı azərbaycanlı hərbçilərə təlim keçir. Bir dəfə Türkiyə televiziyasına baxırdım. Gördüm ki, Mehmet Özbayı göstərirlər. Məlum oldu ki, o Abdullah Çatlı imiş”.

“Susurluk hadisəsi”
3 noyabr 1996-cı ildə axşam saatlarında Susurluk ilçəsinin Çatalceviz bölgəsində “Mersedes” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verir. Həmin “Mersedes”də Türkiyə Cümhuriyətinin Polis Rəisinin keçmiş müavini Hüseyin Kocadağ, DYP (Doğru Yol Partiyası) Şanlıurfa millət vəkili Sedat Edip Bucak və "Mehmet Özbay" adına saxta şəxsiyyət vəsiqəsilə  İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Abdullah Çatlı adlı şəxsin birlikdə olduğu ortaya çıxır. Qəzada Abdullah Çatlı ilə Hüseyin Kocadağ dünyasını dəyişir.

Bu hadisədən sonra Türkiyə hökuməti böyük araşdırmalar başlatdı. Dövlətlə mafiyanın əlaqəli olduğu iddia edildi, hadisə tarixə “Susurluk skandalı” deyə düşdü. İki dövlət adamı ilə bir məşhur cinayətkarın nə üçün bir yerdə olması bir çox şayiələrə gətirib çıxardı. Araşdırmalar nəticəsində Türkiyənin daxili işlər naziri Mehmet Ağarın məsələ ilə birbaşa əlaqəsi olduğu bildirildi. Mehmet Ağar 1996-cı ilin noyabrında nazir vəzifəsindən istefa verdi. Hadisənin əsli hələ də ortaya çıxmayıb. 
Qeyd edək ki, Abdullah Çatlının adı Türkiyədə bir çox cinayətlərdə, sui-qəsdlərdə hallanıb. Keçmiş yüksək rütbəli hərbçilərin, generalların ona dövlət adından müxtəlif tapşırıqlar verdikləri məlumdur. Onun Avropada güclü əlaqələrinin olduğu PKK liderlərinin Avropadakı yerləri və fəaliyyətləri haqqında informasiya topladığı haqda xəbərlər mövcuddur. Türkiyədə və xaricdə səs gətirən, üstü açılmamış bir çox cinayətlər onun adı ilə bağlanır. Abdullah Çatlının bəzi dövlət adamları tərəfindən müxətlif qeyri-qanuni işlərdə istifadə etdiyi iddia edilir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top