Yeniyetmə və gənc karateçilərimiz Avropa Çempionatında 3-cü oldu - FOTO


Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız Avropa Çempionatında 3-cü olub.
Yeniavaz.com xəbər verir ki, Finlandiyanın Tampere şəhərində gənc və yeniyetmə karateçilərin Avropa çempionatı keçirilib. Ölkəmiz 45 ölkə arasında 3-cü olub. Təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Millimizin çempionatdakı çıxışını dəyərləndirən karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın baş məşqçisi Anar Allahverdiyev ən yüksək nəticəmizi təkrarlaya bilmədiyimiz üçün təssüflənib: “Keçən Avropa çempionatında dörd qızıl medal qazanmışdıq, bu dəfə dörd final keçirdik. Təəssüf ki, Rumil Cəfərliyə qarşı qərəzli mövqe olduğundan, ən yüksək əyarlı nəticəmizi təkrarlaya bilmədik. Bu gümüş medal da qızıla çevrilsəydi, Azərbaycan ümumi komanda hesabında 45 ölkə arasında ikinci olacaqdı”.
Yığma komandanın baş məşqçisi 3-cü yerin də yaxşı nəticə olduğunu bildirib:
“Üçüncü yer də yüksək nəticədir. Nəzərə alsaq ki, 10 ölkə yarışı əliboş tərk edib, 7 milli komanda isə üç yaş dərəcəsində yalnız bir bürünc medala sahib ola bilib, əlavə şərhə ehtiyac yoxdur. Onu da qeyd edim ki, yarışa yollanan gün dörd yeniyetmə idmançımızının COVID testi pozitiv çıxdığından, heyətdən kənar qaldı. Onlar da medal gözlədiyimiz idmançılar idi. Sentyabrda gənclər komandasının MDB Oyunlarında və İstanbulda Gənclər Liqasında iştirak etməsi nəzərdə tutulur. Bakıya dönən kimi bu məsul yarışlara hazırlaşacayıq”.
Qeyd edək ki, Tamperedə Avropa çempionatından əvvəl Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinə imtahan verən hakimlərimizdən Mais Mədətov beynəlxalq dərəcəsini artırıb, Vüsal İsrafilov və Seymur Məmmədov isə sınaqlardan uğurla çıxaraq Azərbaycanın beynəlxalq karate hakimlərinin sayını doqquz nəfərə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top