Azərbaycana Əfqanıstandan qaçqın axını gözlənilirmi?


Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra onminlərlə əfqan ölkəni tərk edir. Əfqan miqrantlarının əsas istiqaməti qonşu ölkələr, Türkiyə və Avropadır. Türkiyə mətbuatı günlərdir Türkiyə-İran sərhədi üzərindən gələn  qaçqın axını ilə bağlı müzakirələr aparır. Prezident Ərdoğan Əfqanıstandan ölkəyə 300 mindən çox qeyri-leqal miqrant daxil olduğunu təsdiqləyib.

Yeniavaz.com virtualaz.org-a istinadla xəbər verir ki, 90-cı illərdə Əfqanıstanda baş verən gərginlikdən sonra əfqan qaçqınlarının bir qrupu Azərbaycana da gəlmişdi. Bəs hazırda əfqan miqrantları tərəfindən Azərbaycana gəlmək üçün müraciətlər daxil olurmu?

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev bildirib ki, Əfqanıstanda baş verən hadisələr fonunda təhlükəsizliyi ilə bağlı narahatlıq keçirən şəxslərdən bir neçə onlayn sorğu daxil olub. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın milli sığınacaq proseduru ilə bağlı  həmin şəxslərə müvafiq məsləhətlər verib.

E.Ağayevin sözlərinə görə,  Azərbaycanda ümumilikdə, 1654 nəfər qaçqın və 162 nəfər sığınacaq axtaran şəxs var. Onlardan 1226 nəfəri Əfqanıstan mənşəlidir. 1133 əfqan qaçqındır,  93 nəfər isə sığınacaq axtarır. Əfqan qaçqınlarının əksəriyyəti Bakıda və paytaxta yaxın ərazilərdə yaşayır.

Bakıda daha əvvəl məskunlaşmış əfqanlar

“Əfqanıstan və digər ölkələrdən olan qaçqınların səhiyyə, məşğulluq və təhsil kimi əsas xidmətlərə çıxışı var. Lakin onların hələ də Azərbaycanda heç bir rəsmi hüquqi statusu yoxdur”,-müsahibimiz deyib. Bildirib ki, Azərbaycanın sığınacaqla bağlı qanunvericiliyində sığınacaq üçün edilən müraciətlərinin sayının məhdudlaşdırılması ilə bağlı heç bir müddəa yoxdur.

Dövlət Miqrasiya Xidmətindən isə haqqin.az-a bildiriblər ki, Əfqanıstanda baş verən son hadisələrdən sonra qaçqın statusu ilə bağlı DMX-yə müraciət daxil olmayıb.

“Dövlət Miqrasiya Xidməti tərəfindən Əfqanıstandan olan 9 ərizəçiyə qaçqın statusu verilib. Onların əksəriyyəti Bakıda, bir neçəsi isə Azərbaycanın müxtəlif rayon və qəsəbələrində məskunlaşıb. Əfqan qaçqınlar əsasən tikinti və xidmət sektorunda çalışırlar”,-Dövlət Miqrasiya Xidmətindən belə deyiblər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov isə bildirib ki, əfqan qaçqınları əsasən Türkiyə və Avropaya üz tutur. Bununla belə, müəyyən bir qrupun Azərbaycana gəlmə ehtimalları da qalmaqdadır: “Taliban hərəkatı geniş vüsət alan dövrlərdə hərbi əməliyyatlar keçirilən zaman Əfqanıstandan təxminən bir  milyon yarım qaçqın İrana sığınmışdı. Sonrakı illərdə Taliban və digər hərbi birləşmələr geri otuzduruldu, əfqan qaçqınlarının çoxu da geri qayıtdı. Amma müəyyən bir qismi İranda qaldı, onların arasında Avropaya gedib sığınacaq alanlar oldu. Əfqan qaçqınlar Azərbaycana da gəlmişdilər”.

Həmin ərəfədə Azərbaycana gələn əfqan miqrantların sayı təxminən min nəfərə yaxın olub. A.Allahverənov bildirib ki,  onların arasında beynəlxalq təşkilatların köməyi ilə üçüncü ölkələrə gedirlər də var.

“İrana, o cümlədən Əfqanıstanla sərhəd olan digər ölkələrə gəlib sığınacaq axtaran şəxslərin sayında kəskin artım müşahidə ediləcək. Son məlumatlardan bəlli olur ki, yüzlərlə insan Özbəkistan sərhəddini qeyri-qanuni keçərək ölkə ərazisinə daxil olub. Amma buna baxmayaraq Özbəkistanın sərhəd qoşunları, hərbi qurumları sərhəd üzərində nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirməkdədirlər. Tacikistanda da sərhəd ərazilər mühafizə olunur. Bəlli məsələdir, qaçqınları qəbul etmək imkanında və ya  bunda maraqlı olmayan dövlətlər sərhədlərini açıq saxlayaraq qaçqın axınını yönləndirə bilərlər. Yəni belə bir təhlükə də var”,-müsahibimiz qeyd edib.

Allahverənov deyib ki, Türkiyədə hazırda Suriya və hərbi əməliyyatların getdiyi digər ölkələrdən qaçqın və sığınacaq axtaran 5 milyona yaxın şəxs var. Bu baxımdan Türkiyə üçün kifayət qədər çox sayda  əfqan qaçqınlarının yerləşdirilməsi çətin olacaq. Nəticədə  əfqanların böyük qismi Avropa ölkələrinə gedəcək, amma az sayda olsa da digər ölkələrə üz tutacaqlar. Bu ölkələrin sırasında Azərbaycan da ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top