Stadiondan məsul olan "Qarabağ"dan ot örtüyü ilə bağlı AÇIQLAMA


UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiya təmsilçisi “Aberdin”i qəbul edib. Sosial şəbəkələrdə və azarkeşlər arasında ən çox müzakirə edilən isə meydançanın ot örtüyünün vəziyyəti olub. Yayılan fotolardan görünür ki, ot örtüyünün vəziyyəti ürəkaçan deyil. Bunula bağlı açıqlama verən Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev bildirib ki, 2015-ci ilin yanvar ayında “Qarabağ”la müqavilə imzalanıb. Stadionun direktorunun sözlərinə görə, müqavilənin şərtində də ot örtüyündən əlavə, stadionun soyunub-geyinmə, həmçinin, işçi otaqlarının hamısının “Qarabağ”ın məsuliyyətində olması barədə bənd var.
Məsələ ilə bağlı “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Yeniavaz.com-a açıqlama verdi. Abbaszadə bildirdi ki, bütün stadionun məsuliyyəti klubun üzərindədir:
"Hər şey göz qabağındadır. Hər il mövsümün bu aylarında eyni vəziyyət olur. Bu il daha da acınacaqlı olmasının səbəbi Tofiq Bəhramov adına Respublika stadionun çox yüklənməsidir. Bütün stadionun məsuliyyəti bizim üzərimizdədir. Ot örtüyünə də klub baxır. Maraqlıdır ki, Tofiq Bəhramov adına Respublika stadionunun və “Azərsun Arena”nın ot örtüyünə baxanlar eyni mütəxəsislərdir. Hər iki stadiona eyni cür qulluq edilir, eyni gübrələr verilir. Hətta ora daha çox diqqət edilir. Bu yerindən və kənar amillərdən asılıdır. Detallara çox varamaq istəmirəm. Tək hava şəraiti deyil başqa amillər də var. Bunu stadion rəhbərliyi ilə müzakirə etmək lazımdır. Necə olur ki, “Azərsun Arena”da ot örtüyü yaxşıdır? Mən dəvət edirəm bazar günü gəlib “Azərsun Arena”da “Qarabağ” – “Sumqayıt” oyununa da baxsınlar. Burada elə də ciddi problem yoxdur. Sadəcə olaraq mövsümü problemlərdir. Növbəti oyuna qədər Tofiq Bəhramov adına Respublika stadionunun da ot örtüyü çox yaxşı vəziyyətdə olacaq, sizə söz verə bilərəm”.


Qasım Xuluflu

DİGƏR XƏBƏRLƏR

Top