Baş infeksionist Azərbaycanda koronavirusun 4-cü alovlanmasının başladığını deyir

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Azərbaycanda son günlər koronavirusa yoluxmanın kəskin artmasını şərh edib. Və bunun “4-cü dalğa alovlanma” bildirib.

“Biz bunu dalğa yox, infeksiyanın alovlanması kimi qeyd edirik. Pandemiyanın əvvəlindən saysaq, xəstəliyin bu dövrünü 4-cü alovlanma adlandırmaq olar. Ancaq daha düzgün olar ki, bunu sayla yox, növbəti alovlanma kimi adlandıraq”,-T.Eyvazov “Report” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, virusa yoluxanlar arasında ağırlaşmalar adətən yaşlı və müxtəlif ağır xroniki xəstəliyi olan insanlarda müşahidə olunur. Qeyd olunan səbəblərdən həmin şəxslərin immun sistemində müəyyən çatışmazlıqlar əmələ gəlir. “Bu, o demək deyil ki, gənclərdə xəstəlik həmişə yüngül keçir. Cavanlar arasında da az da olsa, müəyyən qədər ağırlaşmalar olur”,-Eyvazov deyib.

Baş infeksionist bildirib ki, xəstəliyi bir dəfə keçirib təkrar yoluxanların sayı çox azdır. “Əldə olunan məlumatlara görə belə halların sayı 1 faizdən də azdır. Bir qayda olaraq təkrar yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirirlər, ancaq istisnalar da var”,-o deyib.

Mütəxəssis onu da bildirib ki, Azərbaycanda hələ tam peyvənd olunduqdan sonra xəstələnərək ölən şəxslər yoxdur. Çünki peyvənd xəstəliyin ağır formalarının inkişafının qarşısını alır. 

DİGƏR XƏBƏRLƏR

Top