Cavanşir Feyziyevin oğlunun udduğu 1,2 milyon manatlıq tenderlə bağlı RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi,
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.

Tender xəbəri ilə bağlı Agentliyin Yeniavaz.com-a göndərdiyi açıqlamanı olduğu kimi təqdim edirik:
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilmişdir. Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirmişdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılmış və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilmişdir. 
Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilmişdir. Məlumat üçün bildirək ki,  4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. m olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir".
Qeyd edək ki, fərdi sahibkar Cavanşir Orxan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verəcək. 
Qeyd olunan ofis və anbar kompleksinin icarəsi üçün “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək. 
Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.

DİGƏR XƏBƏRLƏR

Top