Yol polisi yolu keçən moped sürücüsünü vurdu – RƏSMİ AÇIQLAMA + VİDEO


Sosial şəbəkələrdə ötən gün paytaxtın Azadlıq prospektində Dövlət Yol Polisinə məxsus avtomobilin sürücüsünün qəza törətməsi  barədə görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrları “mediapost” yayıb. Mətbuat orqanının yaydığı məlumatda qeyd olunur ki, işıqforun qırmızı işığında keçən polis həmin yoldakı motosiklet sürücüsünü yaralayıb. Hadisədən sonra polis maşınının ərazidən uzaqlaşdığı iddia edilir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun 17-də saat 18:35-də paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində qeydə alınıb:
“Yol polisinin qırmızı işıqda keçməsi və mopedi vurması ilə bağlı iddialar yanlışdır. Yayılan kadrlar lentə sadəcə alındığı avtomobilin əhatə dairəsini əks etdirir. Yol Patrul Xidməti avtomobili ilə “MON” markalı moped toqquşub. Mopedi idarə edən isə 21 yaşlı Bakı şəhər sakini Həmidov Mikayıl Tehran oğludur. Sujetdən də görünür ki, xəstəyə birinci yardımı elə Yol Patrul Xidmətinin əməkdaşları göstərirlər. Həmin ərazidə bizim kameramız var. Bu kamera vasitəsilə o ərazidə hadisənin nədən və necə baş verdiyini açıq görmək mümkündür. Hal-hazırda hadisə araşdırılır və hüquqi qiymət verilıəcək.
Hadisə baş verdikdən sonra Yol Patrul Xidmət müfəttişi 7 metr qarşıda avtomobili saxlayıb və xəsarət alanın yanına gələrək onu qaldırıb, xəstəxanaya dəvət edib, xəstəxanada onun səhhətinə baxılıb və ilkin tibbi yardım göstərərək evə buraxıblar. Həm xəstənin səhhəti, həm də hadisənin səbəbləri ilə bağlı ekspertizanın rəyi yaxın müddətdə açıqlanacaq”.
Vaqif Əsədov bu tip nəqliyyat vasitəsi idarə edən sürücülərə müraciət edib: "Bu ifadəni deməklə mən kimisə günahlandırmıram. Ancaq bir daha moped, velosiped, motosikl sürücülərinə müraciət edərək bildirmək istəyirəm ki, adi bir vəziyyətdə yol qəza hadisəsinin necə baş verdiyini görsünlər. Moped sürücüləri bilməlidir ki, yol hərəkətində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri var. Xahiş edirik ki, onlar da başqa hərəkət iştirakçıları kimi ən azı öz təhlükəsizliklərinin təmin edilməsi naminə  yol hərəkəti qaydalarının tələblərinə düzgün riayət etsinlər”.

DİGƏR XƏBƏRLƏR

Top