Bakıda milyonlarla pulu oğurlanan iş adamı şərlənərək həbs olunub? - DİN-dən AÇIQLAMA


"Bakıda soyğunçuluğa məruz qalaraq evindən 9 milyon manat pul, küllü miqdarda qızıl-zinnət əşyaları aparılan sahibkar Aqil Babayev bu barədə hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra şərlənərək həbs olunub".

Yeniavaz.com xəbər verir ki, bu iddia ilə onun ailə üzvləri Oxu.Az-a müraciət ünvanlayıblar. 
A.Babayevin həyat yoldaşı Nigar Babayeva bildirib ki, 2021-ci ilin iyun ayının 7-i axşam saat 22:30 radələrində onun telefonuna həyat yoldaşından mesaj gəlib:
“Həmin mesajda yazılmışdı ki, Anar və Tufan usta ilə bizim Xətai rayonundakı evimizə gələrək mənzilin 5-ci mərtəbəsində iş görəcəklər. Bu səbəbdən yuxarı mərtəbələrə qalxmayın. Onlar yoldaşımın yanında işlədiklərindən mən heç nədən şübhələnmədim. Həmin gün gecə saat 12 radələrində adıçəkilən şəxslər bizim mənzilə daxil olaraq liftlə 5-ci mərtəbəyə qalxdılar.
Mən isə iki aylıq körpəmlə evdə tək idim. Anargilin rəngli işıq yandırması məni narahat etsə də, mən yuxarıya çıxmadım. Amma onların liftlə dəfələrlə qalxıb-düşdüyünü, nəsə daşıdığını səslərdən eşidirdim. Onlar saat 03:00 radələrinə qədər bizim mənzildə oldular.
Səhər 05:00 radələrində həyat yoldaşım evə gələndə bildim ki, həmin şəxslər Buzovnada bağ evimizə daxil olaraq yoldaşımı girov saxlayıb, onun telefonundan mənə mesaj yazmaqla evə daxil olaraq mənzilimizdən pul, zinnət əşyalarını aparıblar. Həyat yoldaşım soyğunçuluq faktı üzrə Daxili İşlər Nazirliyinin “102” xidmətinə və yuxarı instansiyalara şikayət etsə də, bugünədək gəlib nə hadisə yerindən əl izləri götürülüb, nədə ki hadisə şahidi olaraq məni dindiriblər”.
O iddia edib ki, şikayətdən sonra soyğunçuluğu törədən şəxslər həyat yoldaşına qarşı yalançı şahidlər toplayıblar:
“Həyat yoldaşımın milyonlarla pulunu quldurluq yolu ilə aparan şəxslər uzun illər onunla dostluq edən, Bakı şəhərindəki ticarət şəbəkələrindən birinin sahibidir. Sözügedən ticarət şəbəkəsinin Bakıdakı məşhur “Şaurma-1” restoranlarının sahibi Natiq Sadıqovdur. Baş vermiş soyğunçuluq hərəkətlərinə qədər Aqil Babayev həmin ticarət şəbəkəsinin şəriki olub”.

Hazırda iki aylıq körpəsi ilə çıxılmaz vəziyyətdə qalan N. Abbasova həyat yoldaşının şərlənərək həbs edildiyini bildirib. 
Oğlunun həm soyğunçuluğa məruz qaldığını, həm də şərlənərək həbs edildiyini söyləyərək fəryad edən A.Babayevin anası Havanisə Babayeva isə öz əli ilə çörək verdiyi şəxslərin onlara qənim kəsildiyini bildirir: “Mənim oğlum xeyriyyəçi insandır. Oğlumu girov götürüb evini soyan, onu şərləyərək həbs etdirən şəxslər onunla uzun illər dostluq edən, süfrəmizdən çörək yeyən şəxslərdir”. 
Qeyd edək ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən avqustun 4-də Babayev Aqil Zalış oğlu Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə istintaqa cəlb edilib. Elə həmin tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
A. Babayev Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayət etsə də, həbs qətimkan tədbiri qüvvədə saxlanılıb, ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.
Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, Aqil Babayevin yaxınlarının səsləndirdiyi fikirlər tamamilə əsassızdır: “Qeyd edək ki, Aqil Babayev bir neçə nəfərə qarşı dələduzluq etdiyinə görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfinin əməkdaşları tərəfindən saxlanılıb. İdarənin istintaq və tədqiqat idarəsində faktlarla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. O, zərərçəkənlərə külli miqdarda ziyan vurub”.

DİGƏR XƏBƏRLƏR

Top