"Əfqanıstan 2020-ci ilin əvvəlində "Taliban"a təhvil verilib" – ARAŞDIRMA


"Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra bir çox suallar ortaya çıxdı. 10 gündə bu proses necə mümkün oldu?, Nə üçün Əfqanıstan hökuməti müqavimət göstərmədi? ABŞ və Rusiya kimi super dövlətlər niyə “Taliban”a mane olmadı?
Yeniavaz.com
xəbər verir ki, mövzu ilə bağlı tanınmış türkiyəli jurnalist Fehim Taştekin araşdırma yayımlayıb. Onun sözlərinə görə, Əfqanıstanın açarları 20 fevral 2020-ci ildə Dohada imzalanan razılaşma ilə “Taliban”a təhvil verilib:
“Əfqanıstan qüvvələri 2014 -cü ildən “Taliban”a qarşı müharibə aparır, ABŞ isə hava dəstəyi ilə kifayətlənirdi. Təhvil verilən açarlar ABŞ-ın iradəsi daxilində olmayan, əlində saxlaya bilməyən açarlar idi. Razılaşmanın gizli tərəfləri varsa, yəqin ki, ortaya çıxacaq. Ancaq Dohada əldə edilən müqavilənin yalnız “Taliban”la imzalanması, Əfqanıstan hökumətinin çökməsi demək idi. Bu, proqnozlaşdırıla bilən bir nəticə idi. Beləcə, “Taliban” bütün Əfqanıstanı ələ keçirmiş oldu”.
Jurnalist bildirir ki, hazırkı “Taliban” 90-ci illərdəki vəziyyəti ilə çox fərqlənir. Silahlı qruplaşma bu dəfə diplomatik təcrid və sanksiyaları diqqətə alan, siyasi danışıqlar aparan bir formaya çevrilib:
“”Taliban” paytaxt Kabili ələ keçirəndə bəzi öhdəliklər götürdülər. Heç kimdən qisas alınmayacağına dair söz verildi, hökumətdə və orduda işləyənlər bağışlandı, Xarici ölkələrlə işləyən şəxslər bağışlandı, diplomatların işlərini davam etdirməsinə icazə verildi, qadın hüquqlarına hörmət ediləcəyi bildirildi, bütün qadınların təhsilə və işə giriş imkanı olacağı vurğulandı, evdən tək çıxmalarına icazə veriləcəyi söyləndi, edam, daşqalaq və ya amputasiya kimi şəriət qaydalarının tətbiqi məhkəmələrə verildi”.
Bu sözlərin yerinə yetirilib-yetirilməyəcəyi hələlik bilinmir ancaq, Əfqanıstan hökuməti vəziyyətin bu yerə gəlməsində ABŞ-ı günahlandırır:
“Əfqanıstan hökuməti, bu çöküşün əsas səbəbinin ABŞ-ın sürətlə geri çəkilməsi olduğunu bildirdi. Eyni zamanda Pakistan və İran da günahlandırıldı. Razılaşmalıyıq ki, çəkilmə prosesi planlaşdırılmamış və sürətli idi, amma ABŞ 2014 -cü ildən bəri çəkilmə haqqında danışır. 2020 -ci ilin fevral ayından etibarən bu proses gündəmdədir. Bu müddət ərzində niyə heç bir hazırlıq görülmədi? Əfqan xalqını qazanmaq üçün niyə heç bir addım atılmadı? Çünki, əfqanlar üçün polis və hərbçilər qəddar, işgəncə verən, təhqiramiz hərəkətlər edən korrupsioner şəxslər idi. Orduda təşkilatlanma, səfərbərlik və motivasiya yox idi. Bu səbəblərdən, əyalətlər bir güllə atılmadan verildi”.

DİGƏR XƏBƏRLƏR

Top