"Gülər gəlin köçəndən dəfələrlə qayınatası tərəfindən döyülüb"


Avqustun 14-də Biləsuvarın İsmətli kəndində bir ananın övladı ilə birgə özünü kanala atması və azyaşlının vəfat etməsi gündəmin əsas müzakirə mövzularındandır. 30 yaşlı Gülər İmanzadənin oğlu ilə bərabər intihara cəhdi nəticəsində 1 yaşlı oğlu Poladın su kanalında boğulmasından sonra sözügedən ailə haqda müxtəlif iddialar səsləndirilir. Qadının belə bir dəhşətli hadisəni törətməsinin səbəbi onun ailədə davamlı şəkildə zorakılığa məruz qalması ilə əlaqələndirilir. Gülərin və övladının əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialar yayılıb. 

Hazırda adıçəkilən şəxs şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. 

Yeniavaz.com xəbər verir ki, “Qafqazinfo” ilə əlaqə saxlayan G. İmanzadənin əmisi oğlu Fariz İmanov hadisənin baş vermə səbəbləri barədə danışıb. O iddia edib ki, G. İmanzadə həyat yoldaşı tərəfindən yox, qayınatası tərəfindən zorakılığa məruz qalıb, döyülüb: “Həyat yoldaşı Hökuməli çox sakit, tərbiyəli oğlandır. Onlar 3 il bundan öncə tanışlıq yolu ilə evləniblər. Gülər həyat yoldaşı ilə evlənəndə oğlanın cüzi əqli problemi var idi. Yəni sağlamlığı tam yerində deyildi. Son vaxtlarda isə xəstəliyi artmağa başladı. Bir övladları vardı, onun da təzəlikcə 1 yaşı tamam olmuşdu. Gülər o evə gəlin gedən gündən qayınanası, baldızları ona qarşı çox yaxşı rəftar ediblər. Qayınata isə gəlin köçən gündən bəri ona çox pis davranıb. Ailəsində baş verənləri Gülər hamıdan gizlətməyə çalışıb. Xüsusilə atası yataq xəstəsi olduğundan və ürək problemi yaşadığından başına gətirilənləri ona deməyib".

Fotoda: Kanalda boğulan 1 yaşlı Polad...

F. İmanovun sözlərinə görə, sonuncu dəfə Gülər atasının yanına qayınatası ilə dalaşdığı üçün gəlib: "Qayınatası deyib ki, götür uşağı da çıx get buradan və bir daha gəlmə. Həmin gün qayınata Gülərin ərini də, yəni öz oğlunu da döyüb. Ancaq Gülər ata evindən geri qayıdıb. Bu zaman qızı qayıtdığı üçün qayınata təzədən döyüb. O da deyib ki, sən deyirdin ki, çörəyimi yeməyin. Atam hər şey alıb göndərib, çörəyini yeməyəcəyik. Gülər o qədər bilgisiz idi ki, təsəvvür edin saatı da bilmir... O yaşadıqlarının ağırlığı ilə bağlı nəinki ailəsinə, heç polisə də məlumat verməyib. Telefon belə işlədə bilmirdi.

Bu qız səhvi ucbatından övladını itirib. Onu əli qandallı vəziyyətdə aparırlar. Atasına bağlı biri idi, indi onu da itirib. Biz demirik ki, onun səhvi olmayıb. Sadəcə  Biləsuvar rayon Pokurorluğunda 125-ci maddə ilə də cinayət işi açılıb. Ancaq bununla bağlı heç kim istintaqa cəlb edilməyib. Biz istəyirik ki, Güləri bu həddə çatdıran qayınatası Əli Nəzərov da istintaqa cəlb edilsin”.

F. İmanov vurğulayıb ki, Gülərgil ailədə 6 uşaq olublar: “Gülərin anası o uşaq olarkən xərçəng xəstəliyinədən vəfat edib. Bütün kənd camaatı şahiddir ki, 6 uşağı əmim necə böyüdüb. Əmim öz alicənablığına, tərbiyəsinə, mədəniyyətinə görə yaxşı mənada hamıdan seçilib. Həyat yoldaşının vəfatından sonra əmim ikinci dəfə ailə qurub, həmin qadın uşaqlara əmimdən də yaxın olub. Həmin nikahdan 1 övladı da var. Atası yataq xəstəsi idi, onu çöldə heç kəs görə bilməzdi. 5 ildir ki, həm şəkər, həm də ürək xəstəliyindən əziyyət çəkirdi. Ayaq barmaqları kəsilmişdi, yeriyə bilmirdi. Buna baxmayaraq övladları ilə də maraqlanırdı”.

Baş Prokurorludan bildirilib ki, Biləsuvarda azyaşlı oğlu ilə intihara cəhd edən qadın hazırda istintaqa cəlb edilib: "Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 və 125-ci maddələri ilə cinayət işi başlanaraq hazırda istintaq aparılır. Hadisədən öncəki dövrdə həmin qadının ailəsi tərəfindən zorakılığa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına hər hansı bir müraciəti daxil olmayıb".

Xatırladaq ki, sözügedən hadisədən bir gün sonra Gülər İmanzadənin atası Kamal İmanov ürəktutmadan vəfat edib. O, uzun illər sakini olduğu Nəsimikənd kəndində icra nümayəndəsi olub.

DİGƏR XƏBƏRLƏR

Top