““Delta” ştammı xəstələrdə karlıq yaradır” - Baş infeksionist


“Digər ştammlarla müqayisədə “Delta”ya yoluxmuş şəxsin vəziyyəti daha tez pisləşir. Hətta “Delta” ştammına yoluxmuş xəstələrdə mərkəzi sinir sistemi zədələnə və nəticədə karlıq əmələ gələ bilər”.
Yeniavaz.com
modern.az-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, koronavirusun hansı ştammına yoluxmanı və diaqnozunu kliniki əlamətlərinə görə seçmək olmaz:
“Bildiyimiz kimi, hazırda Azərbaycanda da COVİD-19 infeksiyasının alovlanması müşahidə olunur. Müqayisə etsək, bu alovlanma qonşu ölkələrdə bizdəkindən daha tez başlayıb.
“Delta” ştammının bundan öncəki ştammlardan müəyyən qədər fərqi var. Öncə demək istəyirəm ki, infeksiyanın hansı ştamm olmasını və onun diaqnozunu kliniki əlamətlərə görə müəyyən etmək mümkün deyil. Bunun üçün xüsusi laborator tədqiqatlar aparılmalıdır. Fərqlərə gəldikdə demək lazımdır ki, "Delta" ştammı klassik ştammdan iki dəfə çox yoluxucudur. Digər tərəfdən bu infeksiya zamanı xəstəliyin gizli dövrü digərlərinə nisbətdə daha qısadır. Xəstəliyə yoluxmuş insanlarda ağır halların sayının artıq olub-olmaması məsələsi hələ öz təsdiqini tapmayıb. Digər tərəfdən isə infeksiya daha çox soyuqlama xəstəliyi, digər kəskin respirator virus infeksiyaları kimi başlayır. Yəni xəstəliyə yoluxmuş şəxslərdə burun tutulması, burun axması, boğaz və baş ağrıları kimi əlamətlər meydana gəlir. Bundan başqa digər hallarda ürək bulanma, qaytarma, qarın işləməsi kimi əlamətlər müşahidə olunur. Digər ştammlarla müqayisədə "Delta"ya yoluxmuş şəxsin vəziyyəti daha tez pisləşə bilər”.
Baş infeksionist qeyd edib ki, insanlar xəstəliyin ilk günündən həkimə müraciətdən yayındıqları üçün epidemioloji durumu pisləşdirirlər:
“Ümumiyyətlə, COVID-19 virusu demək olar ki, bütün orqan sistemlərini zədəliyir. Birinci növbədə hədəf ağ ciyərlərdir. Xüsusən "Delta" ştammından qaraciyər, böyrək, damarlar, dəri və hətta mərkəzi sinir sistemi zədələnir ki, nəticədə bəzi xəstələrdə karlıq əmələ gələ bilər”.
T.Eyvazovun sözlərinə görə, yaxın günlərdə epidemioloji durumun hansı istiqamətdə irəliləməsindən asılı olaraq buna uyğun addımlar atılacaq.
“Qapanmalarla bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Bu qurum təbii ki, tənzimləyici xüsusiyyət daşıyır. Koronavirusun indiki dövrünü digərlərindən fərqləndirən əsas cəhət hazırda vaksinasiya prosesinin getməsidir. Bilmirik ki, situasiya yaxın günlərdə necə dəyişəcək. Hər halda yaxın günlərdə epidemioloji durumun hansı istiqamətə doğru getdiyi bəlli olacaq. Buna uyğun müzakirələr aparılıb, açıqlamalar verilə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top