Kanadalı xanım soydaşlarımızdan dəyərli hədiyyə


Bir neçə gün əvvəl Kanadalı Azərbaycan Qadınlarının Dəstək Mərkəzinin (KAQDM) nümayəndəsi Nazilə İsgəndərova təmsil etdiyi mərkəzin hədiyyə olaraq göndərdiyi iki cildlik irihəcmli Qafqaz Albaniyası Palimsetlərini (The Caucasian Albanian Palimpsests of Mount Sinai) Bakıdakı Müqəddəs Məryəm kilsəsində Alban-Udi dini icmasının sədri Robert Mobiliyə təqdim etdi. 
Bu barədə Yeniavaz.com-a həmin mərkəzdən məlumat verilib.
Azərbaycanlı xanımların bu həssaslığını və hədiyyəsini yüksək dəyərləndirən Robert Mobili açıqlamasında belə dedi: "Qafqaz Albaniyası eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinədək mövcud olmuş qüdrətli ölkə olub. İndi onun varisi Azərbaycandır. Qafqaz Albaniyasında I əsrdən etibarən xristian icmaları yarandı və 313-cü ildə xristianlıq dövlət dini oldu. Qafqazın demək olar ki, hər yerində Alban xristian kilsələri fəaliyyət göstərirdi. Sonrakı əsrlərdə Qafqaza ermənilərin gəlişi ilə bu kilsələrin çoxu erməniləşdirildi. Azərbaycanın tolerantlığı hər yerdə olduğu kimi burada da özünü göstərdi. Azərbaycanlıların yaşadıqları ərazilərdə bu kilsələr öz fəaliyyətlərini davam etdirdilər. Şəkidəki Kiş Apostol kilsəsi Qafqazdakı Alban kilsələrinin anası hesab olunub. Onu da deyim ki, bu gün Dağlıq Qarabağda erməni kimi tanınan əhalinin bir hissəsi vaxtilə dönmüş Alban tayfalarıdır. Bu gün udilər Qəbələ rayonunun Nic kəndində rahatlıqla öz inanclarını və mədəniyyətlərini yaşayırlar. Biz işğaldan azad olunmuş Qarabağımızda da Alban-Udi mədəniyyətinin bərpasına çalışırıq. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının yaxın dəstəyini hər zaman hissə etməkdəyik. Kanadada fəaliyyət göstərən azərbaycanlı bacılarımızın bu həssaslığı, bu qədər dəyərli bir hədiyyəni bizim adımıza göndərmələri bizi çox duyğulandırdı. Cəmiyyətininzin hər bir üzvünə, xüsusilə də sözün həm mənəvi, həm də fiziki anlamında bu qədər böyük bir yükü dünyanın o başından gətirib bizə təqdim edən Nazilə xanıma xüsusi təşəkkürümü bildirirəm". 
Xatırladaq ki, Kanadalı Azərbaycan Qadınlarının Dəstək Mərkəzi 2005-ci ildən fəaliyyət göstərir və bu zamana qədər dünyanın bir çox yerlərində ehtiyac çəkən qadın soydaşlarımıza yardımlar göstərib. Bu mərkəz Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış bir neçə soydaşımızın ailəsinə hər ay maddi yardımlar göstərməkdə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top