Qəbələdəki yanğınla bağlı FHN-dən açıqlama - YENİLƏNİB


Məlumat verildiyi kimi, 11 avqust 2021-ci il tarixində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təzirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
FHN-dən Yeniavaz.com-a bildirilib ki, görülmüş tədbirlər sayəsində bu gün saat 14:00-da yanğın tam söndürülüb. Yanğın nəticəsində, ilkin məlumata əsasən, təqribən 150 hektar ərazidə kol-kos və qismən ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və ərazidə küləyin mütəmadi olaraq güclənməsinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin peşəkar və əlaqələndirilmiş fəaliyyəti nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.
 

***13 avqust, 16:36
11 avqust 2021-ci il tarixində Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb və dərhal yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə start verilib.
Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və qısa müddətdə söndürülməsi məqsədilə aviasiya dəstəsinin ikinci helikopteri də yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri tərəfindən davam etdirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

DİGƏR XƏBƏRLƏR

Top