20 yaşlı qızın ölümü ilə bağlı müəmma: İntihar yoxsa qətl? – Prokurorluqdan AÇIQLAMA


Bu il aprel ayının 24-də Sabirabad Rayon Əlicanlı kəndinin sakini, 2001-ci il təvəllüdlü Zeynalova Samayə Xalid qızının dünyasını dəyişməsi faktı ilə bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Onun həyətdəki nar ağacından özünü asdığı iddia olunur.
Zərərçəkənin hüquqi müdafiəçisi Samir Zeynalov Yeniavaz.com-a müraciət edərək, məhkəmə psixoloji ekspertizanın rəyində Samayə Zeynalovanın intihar etməsinə dair heç bir əsas olmadığını bildirib və rəyi təqdim edib.

S. Zeynalov bildirib ki, ekspertizanın rəyinə baxmayaraq prokurorluq hələ də təqsirkar şəxs və ya şəxsləri müəyyən edə bilməyib:
“İntihar hadisəsinə gəldikdə isə, verilən məlumata görə qız özünü nazik nar budağından asıb, ki bu mümkün deyil. Özünü asdığı iddia olunan halqa yerdən 172 sm hündürlükdə olduğu halda, qızın boyunun hündürlüyü 174 sm-dir. Qızın ölümündən sonra morqda çəkilmiş şəkli var, həmin şəkildə də, boyun-boğaz nahiyəsində meydana gəlmiş izdən görünür ki, o dairəvidir. Əgər özünün asmış olsa idi, o iz yuxarı doğru yayılmalı idi. Fotolar da mövcuddur. Fotolardan da aydın görünür ki, bu intihar hadisəsi deyil, cinayətdir. Ailə üzvləri də qızın qayınatasından şübhələnirlər. Prokuror müavini qızın anasını çağırıb deyib ki, sənin qızın bir nəfərlə yazışıb. Amma kiminlə yazışdığı deyilməyib. Hətta o da məlum deyil ki, bu yazışma məsələsinin intiharla nə əlaqəsi var. Bunu deməkdə məqsəd ondan ibarətdir ki, yəni kənd yeridir, məsələni böyüdərik, get sakit dur, şikayətçi olma, məsələ də bağlansın”.

S. Zeynalov Sabirabad Rayon Prokurorluğunun hadisəni intihar halı kimi qiymətləndirib, fakta görə başlanmış cinayət işinə xitam vermək niyyətində olduğunu iddia edib.
Zərərçəkən, Z. Samayənin anası Yeniavaz.com-a bu barədə danışıb və Sabirabad Rayon Prokurorluğunda şikayət ərizəsini geri götürməsi üçün hədələndiyini, şantaj edildiyini iddia edib:
“İyul ayının 10-da bizi Sabirabad Rayon Prokurorluğuna dəvət etdilər. Müstəntiq Rövşən Əmrahov məni otağa dəvət etdi və dedi ki, sənin qızın bir nəfərlə yazışıb. Mən çox pis hislər keçirdim. Tutuldum, qaldım. Heç qızım öləndə mən o hisləri keçirməmişdim. Elə bir uşaq böyütmüşəm ki, bu mümkün deyil. Gördüm ki, bunlar ölünü şərləyirlər. Dedim ki, belə bir şey mümkün deyil. Mənə kağızlar göstərdi, amma oxumağı bilmədiyim üçün, orada nə yazıldığını anlamadım. Mənə dedi ki, bunları atasına, qayınatasına, qayınanasına deyim ya deməyim? Dedi ki, get, fikirləş. Şoka düşdüm, qorxumdan özümü itirdim. Dedim ki, saxla, bir şey fikirləşib, gəlib sənə deyərəm. Gəldim fikirləşdim və öz-özümə dedim ki, belə bir şey mümkün deyil, bu uşaq mənimdir və mən ona inanıram. Yenidən prokurorluğa gəldim və Rövşənə dedim ki, mənim uşağım kiminlə yazışıbsa, o adamı tap gətir, sübut elə. Bu zaman artıq həmin müstəntiq başladı söhbəti dəyişməyə. Bunlar şikayət ərizəmi geri götürmək üçün məni qorxutmağa, şantaj eləməyə çalışırdılar. Mən də dediklərinin heç birini etmədim. Bu hadisədən sonra, bir daha prokurorluğa getmədim”.
O həmçinin, qızının qayınatası və qayınanası ilə problemlərinin olduğunu bildirib:
“Qızım həm qayınatasından, həm də qayınanasından şikayətçi idi. Mənə də, bacısına da demişdi. Mən də danlamışdım ki, fikir vermə, hər kəsin evində söz-söhbət olar. Uşaq boğaza yığılıbmış. Hadisədən iki saat əvvəl bacısına deyə-gülə səs atıb. Necə olur ki, deyirlər, 2 saatdan sonra özünü asıb. Ya qızı buna vadar ediblər, fiziki zorakılıq göstərərək, ya da ki, qayınatasının, yoldaşının əlindən olub. Deyirlər, qayınatası o gün içkili olub. Ev “domaşnik”lərinin(çəkələk) biri mətbəxdə qalıb, digəri nar ağacının yanında olub”.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, Samayə Zeynalovanın intihar etməsində hər-hansı  şəxsin təqsiri müəyyən edilməyib:
“Zeynalova Samayə Xalid qızının 24 apel 2021-ci il tarixdə yaşadığı evin həyətində, nar ağacının budağından  özünü asaraq intihar etməsi faktı üzrə Sabirabad Rayon Prokurorluğunda Azərbaycan Respublikası cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıbr. İstintaq zamanı toplanmış mötəbər sübutlarla mərhum Samayə Zeynalovanın intihar etməsində hər-hansı şəxsin təqsiri müəyyən edilməyib və iş üzrə icraata xitam verilib”.
Baş Prokurorluqdan bildirilib ki, qərar sadəcə ekspertizanın rəyi əsasında yox, verilərkən bütün sübutlara kompleks şəkildə baxıldıqdan sonra verilir.
Həmçinin, qərardan şikayəti olan vətəndaşın Baş Prokurorluğa müraciət edə biləcəyi bildirilib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top