"AAAF Park"da uşaqlara "konfet", "saqqız" adı ilə narkotik təklif edilib – FOTO + DİN-dən AÇIQLAMA


Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “AAAF Park” Yaşayış Kompleksinin həyətində uşaqlara narkotik vasitələr təklif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yaşayış kompleksinin sakini Lalə Bağırova sosial şəbəkələr vasitəsilə məlumat yayıb. O bildirib ki, hadisə yaşayış kompleksinin 11 saylı küçəsində baş verib:
“Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlanlar ötən gecə saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə oynayan uşaqlara “konfet, saqqız” adı ilə ağ həblər təklif ediblər.
Bizim uşaqlar “biz bilirik bunlar nədir” dedikdə, onlar “sizin bilmədiyiniz şeylərdəndi” cavabını veriblər. Bir sözlə, uşaqlar təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nəsə təklif edirlər. Öz aralarında isə danışırlarmış ki, uşaqları maşına basıb aparsınlar. Demək istədiyim budur ki, belə hallar çox kütləviləşib”.
"AAAF İnşaat" MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Yeniavaz.com-a məsələdən xəbərdar olduqlarını və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiklərini dedi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a bildirdi ki, bu barədə DİN-ə məlumat verilib və məsələ araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top