Marmaris rayonunda regional Fəlakət və Təcili İdarəetmə Mərkəzi yaradılıb - FOTOLAR + VİDEO


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına qarşı aparılan əməliyyatlarda yerli qüvvələrlə birgə uğurla iştirak edirlər.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, meşə yanğınları ilə mübarizədə effektivliyi artırmaq məqsədilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) nəzdində Muğla vilayətinin Marmaris rayonunda regional Fəlakət və Təcili İdarəetmə Mərkəzi yaradılıb.
FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Mərkəzin 10 avqust 2021-ci il tarixində keçirilən xüsusi iclasında iştirak edib. 26 işçi qrupun fəaliyyət göstərdiyi Fəlakət və Təcili İdarəetmə Mərkəzinin toplantısında Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Muğla valisi Orxan Tavlı, Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili Fatma Betül Sayan Kaya, Muğladan olan millət vəkillləri Yelda Erol Gökcan və Mehmet Yavuz Demir və digər şəxslər iştirak ediblər.
Toplantıda Mərkəzə cəlb edilmiş qrupların fəaliyyəti, bölgədəki meşə yanğınları ilə mübarizə istiqamətində görülən işlər, əməliyyatlarda istifadə edilən texniki vasitələr, həmçinin xilasetmə və təxliyyə sahəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki yanğın nöqtələrindəki fədakar fəaliyyəti yüksək qiymətləndirilib və gələcəkdə bu istiqamətdə görülə biləcək birgə işlər müzakirə edilib.
FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev öz növbəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gələn Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb. Nazir müavini yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində aparılan birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, Azərbaycandan olan yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki həmkarları ilə birlikdə üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini və bu istiqamətdə yorulmadan çalışdıqlarını deyib.
Tədbirin sonunda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top