Vətən Müharibəsinin ilk şəhidlərindən olan Rüstəmin doğum günüdür - FOTOLAR


Bu gün şəhid Rüstəm İbrahim oğlu Məmmədovun  dünyaya göz açdığı gündür.

Yeniavaz.com xəbər verir ki, bu gün şəhid Rüstəm Məmmədov 1998-ci ilin bu günü – 10 avqust tarixində dünyaya gəlib.
Bu gün onun doğum gününü  məzarı başında doğmaları, hərbçi yoldaşları, ictimayyət nümayəndələri və şəhid anaları, müəllimi, şagirdlər Rüstəmsiz qeyd ediblər. Rüstəmin və bütün şəhidlərin ruhuna dualar oxunub. Hərbçi yoldaşları onun igidliyindən söz açıblar. Anım tədbirində Mingəçevir şəhər İcra Hakimiyyəti və Göyçay rayon İcra Hakimiyyəti Başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları çıxış edərək şəhər İcra Hakimiyyəti başçıları adından şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbir diləyiblər.
Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.
İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-dən də döyüşlərə atılıb. Və qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.
Rüstəm hərbi xidmətdə olarkən atası dünyasını dəyişib. Ailənin bütün qayğıları Rüstəmin üzərində idi. Bacısı Könül xanıma çox bağlı idi. Həmişə  deyərdi ki, sənin övladına yaxşı dayı olacağam. Bacısı ailə həyatı quranda çox sevindirdi. Deyirdi dayı olacaq. Təəssüflər olsun ki, şəhadətinin təsdiqləndiyi günü bacısının qız övladı dünyaya gəlir. Şəhidin anası Aynur xanım həyatında iki böyük zərbə alır. Həm həyat yoldaşı, həm də oğul itkisi ona çox təsir edir. Amma çətin də olsa dözürəm deyir: “Biz şəhid anaları bir birimizdən güc alırıq, hamımızın dərdi eynidir deyirlər. Vətən sağ olsun. Övladlarımız 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanlarıdır. Təskinliyimiz torpaqlarımızın düşmən işğalından azad olunmasıdır”.
Qeyd edək ki, Şəhidimiz ölümündən sonra Ali Baş Komandan tərəfindən üç medalla - “Vətən uğrunda” ,“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top