Mingəçevirdə işsiz qalan əlil aidiyyəti qurumlardan kömək istəyir


Elmin Rüstəmov uzun müddət serebral iflic xəstəliyindən əziyyət çəkib. Elminin anasi Durna Rüstəmova illərlə qazancını onun müalicəsinə xərcləyib. Heydər Əliyev Fondunun dəstəyi ilə 18 yaşlı Elmin Rüstəmov sağlamlığına qovuşa bilib. Yaşlanan qadın bu gün çətin durumda yaşadığından onunla bərabər oğlunun da işləməsini, ona kömək olmasını istəyir. 
Anasının çəkdiyi əzab-əziyyət övladının gözü qarşısında olub. Elmin Rüstəmov hazırda işlə təmin olunub anasına yardımçı olmaq istəyini deyir. Amma ana və övladı üz tutduqları qurumlardan - Məşğulluq mərkəzindən hələ ki, müsbət cavab ala bilmirlər. Durna xanım bildirir ki, Mingəçevir Məşğulluq mərkəzinin rəhbər işçiləri onu həmişə get-gələ salırlar.

Məsələ ilə bağlı Mingəçevir şəhərində yerləşən 20 saylı Ərazi Məşğulluq Mərkəzinə üz tutduq. Oradan bildirildi ki, bu məsələ ilə bağlı sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinə ünvanlayaq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, vətəndaş Durna Rüstəmovanın müraciəti əsasında oğlu Elmin Rüstəmli fiziki ağır işlərdə işləmə imkanın olmadığı üçün 2020-ci ildə 2 aylıq haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur:
"Daha sonra isə işaxtaran kimi sistemdə qeydiyyata alınmış, vakansiya bankındakı mövcud vakansiyalar barədə anasına məlumat verilmişdir. Elmin Rüstəmlinin anası Durna Rüstəmova təklif edilən işlərdən imtina etmiş, oğlunun yalnız özünün işlədiyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində haqqı ödənilən ictimai işə cəlb edilməsini istədiyini bildirmişdir. İctimai işlərə göndərişlər növbəlilik əsasında verilir, bu səbəbdən növbəliliyə uyğun olaraq vətəndaşın haqqı ödənilən ictimai işə göndərişi həyata keçiriləcək".
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top