
“08 avqust 2021-ci il tarixdə, səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicəllənmə nəticəsində huşunu itirmiş və üzü üstə yerə yıxılmışdır. Bunun nəticəsində bədənində təhlükəli olmayan zədələr yaranmış, xoşbəxtlikdən başından hər hansı zədə almamışdır. Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmamışdır və həkimlər bunun həyəcan verici siqnal olduğunu bildirmişlər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri bu sözləri hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun vəkili Cavad Cavadov özünün sosial şəbəkələrdəki (Facebook) səhifəsində yazıb. O bildirib ki, buna görə də E. Həsənov onunla görüşə əlil arabasında gətirilib:
“Özünün bildirdiyinə görə həkimlər ona bu vəziyyətdə sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər. Bax beləcə vaxtında tibbi yardım göstərilməməsinə görə insanın bu duruma salınmasının şahidi olduq. Baş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbssiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq. Çox ümid edirəm ki, heç olmazsa, bu müraciətə müsbət yanaşılacaq və növbəti dəfə "Eldar Həsənovu artıq itirdik" statusunu yazmalı olmayacağam. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir”.
Xatırladaq ki, sabiq səfir Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında bu ilin iyulun 13-də bağırsaq keçməzliyindən əziyyət çəkdiyinə görə əməliyyat olunub.
Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.
Tətbiqimizi yükləyə bilərsiniz