Mingəçevirdə bir ailənin 4 şəhid üzvünün xatirəsi əbədiləşdirilib - FOTOLAR


Bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır. Bu azadlıq və firavanlıq vətənin qəhrəman oğul və qızlarının canı, qanı bahasına olub. 
Azərbaycan dünyanın inkişaf edən ölkəsidir və bu inkişaf göstəriciləri ilə dünyanın diqqətini cəlb edə bilmişik. Bunlar ölkəmizdə həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Bu gün Birinci Qarabağ döyüşlərində şəhid olmuş 20 min azərbaycanlının ruhu şaddır. Şəhidlərimizin qanı yerdə qalmadı.
Yol çəkdirməyin, körpü salmağın, əlini daşın altına qoyub el üçün nəsə faydalı bir iş görməyin ən böyük savab olduğunu hər kəs yaxşı bilir. Bu gün Mingəçevirdə bu kimi savab əməl sahibləri, belə demək mümkünsə şəhid ailələri, şəhidlərin adının əbədiləşməsi üçün şəhid bulaqları, şəhidin adına xatirə lövhələri və s. xeyirxah işlər görürlər. Bunlar hamısı alqışa layiq bir işdir.
Bu gün bir ailənin 4 şəhid üzvünün adına şəhid bulağının açılışı olub.
Yeniavaz.com xəbər verir ki, xatirə bulağının açılış mərasimində ailənin yaxınları, şəhid qardaşların müəllimləri və 8 saylı JEK idarəsinin əməkdaşları iştirak edib. Açılış mərasimindən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid qardaşların müəllimi Səbuhi  Məmmədov çıxış edib:
“Bu gün 1992-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində şəhid olan bir ailənin 4 üzvü Hüseynov Xanəli, Hüseynov Həbib Həmzə oğlu, Hüseynova Rahilə Şahmar qızı, Hüseynov İbiş Həmzə oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün  toplaşmışıq. Bu gün biz kəndimizin faciəsi olduğu günləri yada salırıq. Şəhidin qardaşları bu abidəni açmaqla ən böyük savab işlərdən birini görüblər. Xatırlatmaq istərdim ki, qanlı-qadalı günlər 1988-ci il fevralın 12-də başladı. Kəndimiz həmin illərdə canını sipər elədi, öz yurdunu tərk eləmədi 4 il-4 gün döyüş apardı. Öz canlı qüvvəsinin hesabına apardı. Heç kəs geri addım atmadı. Ermənilərin yol kəsmələri, maşınları daşlamaları və müxtəlif cür təyziq göstərsələr də biz onların qarşısını aldıq. Onlara havadarları tərəfindən çoxlu silah gəldi. Biz isə öz gücümüzlə silah-sursat da aldıq. Onu da deyim ki, ermənilərin  müharibə aparmağa gücü yox idi rus əsgərləri onların köməyinə gəldi. Yoxsa erməninin bizə heç cür gücü çatmırdı. Bundan sonra kəndimizdə böyük bir faciə yaşandı. Kəndimizdə olan 128 nəfər əsir düşdü, elə həmin günü ermənilər 54 gəncimizi öldürərək silos quyusuna doldurdular. Belə tarixi abidələri orada da yaratmalıyıq, orada da belə açılışlar etməliyik və inşallah bu tezliklə olacaq. Biz Xocavəndin Qaradağlı kəndində quyuda uyuyan şəhidlərimizin də məzarını görəcəyik. Həbib əmim el ağsaqqalı olub. Onun oğlu Xanəli başqa şəhərdə əsgərlikdə idi. O gəlib öz kəndinin müdafiəsi üçün döyüşüb və şəhid olub. Orada şagirdlərimiz də olub əsgərlərə silah daşıyarkən şəhid olublar. Əvvəllər biz Marat Zoya Kasmedisnskidən danışılardı. İndi biz qürurla İbişdən, Xanəlidən, Niftalıdan və digər şəhidlərimizdən danışırıq. Şəhidin qardaşlarına öz təşəkkürümü bildirirəm ki, bu gün onların yerində siz varsınız. Sizinlə fəxr edirik”. 
Daha sonra məktəbli şagirdlər söylədikləri şeirləri ilə şəhidləri yad ediblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top