Feministlərin Polis İdarəsinin qarşısındakı aksiyası ilə bağlı DİN-dən AÇIQLAMA


Ötən gün bir qrup feminist fəal əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı Xəzər rayon Polis İdarəsinin qarşısında aksiya keçirib.
Yeniavaz.com
xəbər verir ki, onlar sözügedən polis idarəsinin inzibati binasının qapısını qırmızıya boyayıblar. Daha sonra mətbuata açıqlama verən fəallar sözügedən idarənin əməkdaşları tərəfindən saxlanılaraq zorakılığa və təhqirlərə məruz qaldıqlarını iddia ediblər. Onlar Elmir İbrahimov və Pərviz adlı polis əməkdaşları tərəfindən döyüldüklərini və ağır təhqirlərə məruz qaldıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
“İddialar əsassızdır və həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib”.
Qeyd edək ki, avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri Füzuli Qarayev tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində qətlə yetirilib. Hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Feminist fəallar isə F. Qarayevin həyat yoldaşına işgəncələr verməsinə baxmayaraq hüquq mühafizə orqanlarının bu barədə tədbir görmədiyini bildirirdilər.
Ötən gün DİN-dən bu məsələdə polisin daha çox müzakirə edilməsi ilə bağlı açıqlama vermiş və Sevinc Məhərrəmovanı xilas etmək üçün bütün imkanların tam səfərbər edilmədiiyini, daha çox ailənin, qadının, onun yaxınlarının istəklərinin nəzərə alınmaqla tədbirlərin hüquq çərçivəsində həyata keçirildiyini etiraf etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top