Dəfələrlə döyüldüyünü deyən qadının öldürülməsi təsdiqləndi - YENİLƏNİB


Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Yeniavaz.com-a daxil olan məlumata əsasən, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib və oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

***15:46
Sosial şəbəkələrdə Sevinc Məhərrəmova adlı qadının əri tərəfindən başı kəsilərək qətlə yetirildiyi iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, məlumatı bir çox səhifələr və feminist fəallar yayıb.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı prokurorluq orqanları tərəfindən açıqlama veriləcəyi bildirilib. 
Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Xatırladaq ki, Sevinc Məhərrəmova bu ilin mart ayında həyat yoldaşı Füzuli Qarayev tərəfinfən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
Cütlüyün 3 və 4 yaşlarında iki oğlu var.


DİGƏR XƏBƏRLƏR

Top