
Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən yanğınların söndürülməsində Azərbaycanın yansöndürmə və xilasetmə briqadaları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasına məxsus yanğınsöndürmə vasitələrindən istifadə olunur. Bu vasitələrdən ən əhəmiyyətlisi isə şübhəsiz, hal-hazırda da qardaş ölkədə yanğınların söndürülməsində aktiv istifadə olunan “BE-200” tipli amfibiya təyyarəsidir.
Yeniavaz.com sözügedən təyyarənin qiyməti və xüsusiyyətləri haqqında bəzi məlumatları təqdim edir:
Rusiyanın “Beriev” şirkəti tərəfindən istehsal edilən “BE-200” yanğınsöndürmə, axtarış-xilasetmə, dəniz patrulu, yük və sərnişin daşınmasında istifadə üçün nəzərdə tutulub. Təyyarə 12 ton su və ya 72 sərnişin tutumuna malikdir.
“BE-200” suda sabitliyi təmin edə bilən xüsusi dizaynlı gövdəyə malikdir. Gövdə alüminium ərintidən hazırlanıb və korroziyadan qoruyan materialla örtülüb. Təyyarənin uzunluğu 31,43 , hündürlüyü 8,9, qanadlarının uzunluğu isə 32,78 metrdir.
Təyyarə əsasən irimiqyaslı yanğınların söndürülməsində istifadə olunur. Birbaşa su hövzəsi üzərinə enə bilən bu təyyarə 18-20 saniyə ərzində bortuna 12 ton, aerodrom şəraitində isə 15 dəqiqəyə 9 ton su götürərək 1 keçiddə geniş yanğın ərazisini əhatə edir.
“Beriev BE-200” amfibiya təyyarəsinin qiyməti, sifariş edilən xüsusiyyətlərə görə 45-70 milyon ABŞ dolları aralığında dəyişir.
Fövqəladə Hallar Nazirliyi Türkiyəyə göndərilən texnikaların siyahısından bu təyyarəni göstərməsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdaoğan Azərbaycanın dəstək məqsədilə belə bir təyyarə göndərəcəyini anons etmişdi.