
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində yerləşən Qalaboynu çoxtəbəqəli yaşayış yerində arxeoloji qazıntı işləri aparılır.
Yeniavaz.com xəbər verir ki, abidə 2020-ci ildə aşkar edilərək ilkin arxeoloji tədqiqatlar həyata keçirilib. Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Abidənin yerləşdiyi təpə ətraf kəndlərin əhalisi tərəfindən Qalaboynu adlandırılır. Quruluşu və aşkar olunnan maddi mədəniyyət nümunələrinə görə buranın qala tipli yaşayış yeri olması ehtimalına əsasən abidə Qalaboyu adlandırılıb. Tədqiqatlar zamanı üst təbəqəsinin orta əsrlər dövrünə, alt təbəqənin isə tunc dövrünə aid olduğu üzə çıxıb. Orta əsrlər dövrünə aid mədəni təbəqədən qaya daşından və qırmızı bişmiş kərpicdən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib. Tunc dövrünə aid təbəqədən çiy kərpicdən inşa olunmuş tikili qalıqları və dulusçuluq məmulatları aşkar edilmişdir. Abidənin yerləşdiyi ərazi təbii-coğrafi baxımdan çox əlverişli yerdədir. Yaşayış yerinin ətəyindən vaxtilə bol sulu çay keçib. Böyük yatağa malik çaydan müasir dövrüdə su azda olsa axmaqdadır. Bu yerlər eneolit dövründən başlayaraq, orta əsrlərə qədər olan 6 min illik tarixi özündə əks etdirən qəbir abidələri ilə zəngindir. Azərbaycanda qədim dövrə aid abiələrin bir ərazidə bu qədər sıx yerləşdiyi ikinci bir məkanı təsəvvür etmək çətindir. Belə ki, abidəni ətrafında tunc dövrünə aid Osmantəpə kurqanları, Hacallı kurqanları, Tatarlı kurqanları, Səfikürd kurqanları, Muncuqlutəpə ilk dəmir dövrü nekroplou, Göl yeri eneolit və ilk tunc dövrünə aid yaşayış yeri və digər qədim dövrə aid yaşayış yeri və qəbir abidələri yerləşir. Bu isə Naftalan şəhərinin dünyada analoqu olmayan müalicəvi nefti ilə yanaşı həm də böyük arxeoloji turizm potensialına malik olduğunu göstərir. Burada arxeoloji tədqiqatların aparılması abidələrimizin təbliği baxımından əhəmiyyətlidir. Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.

Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz