Həcc ibadətini növbəti illərə təxirə salmaq olarmı?


Həcc ibadəti İslamda dini termin olaraq Məkkə şəhərində yerləşən Kəbəni və ətrafındakı müqəddəs yerləri məlum zamanda lazımi qaydada ziyarət etməkdir. Həcc ibadətindəki bütün bu əməl və feillərə “mənasiqul-həcc” deyilir. İslamın beş şərtindən biri olan həcc ibadəti müsəlmanlara hicri 9-cu ildə fərz qılınmışdır. Həccin fərz olması ilə bağlı bir sıra Quran ayələri və mötəbər hədis kitablarında yer alan hədislər vardır. Aşağıdakı ayə gücü çatan müsəlmanlara həcc ibadətinin fərz olduğunu bildirir: “Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir” (Ali İmran, 3/97). Allah Rəsulu (s.ə.s) da həcc ibadətinin necə yerinə yetiriləcəyini göstərmişdir.
Sağlamlıq cəhətindən və maddi güc baxımından həccə getməyə imkanı olan müsəlmanların ömürdə bir dəfə bu ibadəti yerinə yetirmələri fərz və vacibdir. Həyatında bir dəfə həccə gedən müsəlman bu fərzi yerinə yetirmiş olur. Bu minvalla belə bir fürsət ələ keçəndə gecikdirmədən, vaxtı və illəri ötürmədən bu ibadət yerinə yetirilməlidir. Əbu Hənifə, Əbu Yusif, İmam Malik, Əhməd ibn Hənbəl kimi İslam alimlərinə görə, lazımi şərtləri yerində olan bir müsəlmanın həcc ibadətini təxirə salmadan həmin ilin həcc mövsümündə yerinə yetirməsi lazım, sonrakı illərə təxirə salması isə günahdır. Hətta bu görüşdə olan İslam alimlərinə görə, imkanı olduğu halda səbəbsiz yerə həcc ibadətini növbəti illərə təxirə salanın şahidliyi qəbul edilməz.
İmam Şafii və İmam Muhamməd (Əbu Hənifənin məşhur tələblərindən biri) isə həcc etməyə imkanı olan şəxsin bu ibadəti gələcəkdə, yəni növbəti illərdə yerinə yetirməklə bağlı sözü, əhdi və niyyəti olarsa, həmçinin növbəti illərdə həcc ibadətini yerinə yetirməklə bağlı şərtlərin ortadan qalxmayacağı ilə bağlı güclü təxmin və ehtimallar varsa, bu zaman həcc ibadəti növbəti illərə təxirə salına bilər. Bununla bərabər bütün İslam alimləri həcc ibadətini ən qısa zamanda və ilk fürsətdə yerinə yetirməyin Allah Rəslunun (s.ə.s) sünnəsinə daha uyğun olduğunu bildirmişlər.
Kəbəni ziyarət etməklə bağlı ibadətlərdən biri də “ümrə”dir. Kəbə ziyarəti müəyyən bir zamanda, yəni hicri təqvimlə Zilhiccə ayının 9-10-cu günlərində və Arafat vəqfəsi (bir müddət Arafat dağında dayanmaq) ilə birgə edilərsə, həcc; başqa günlərdə edilərsə, ümrə adlanır. Həcc və ümrəni ayırd etmək üçün həccə “həcci-əkbər” (böyük həcc), ümrəyə də “həcci-əsğər” (kiçik həcc) deyilir. Xalq arasında isə arafat vəqfəsi həftənin cümə gününə düşən həccə “həcci əkbər” (böyük həcc) deyilmişdir.
Ümrə ziyarətinin fəziləti ilə bağlı Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Ümrə növbəti ümrəyə qədər (bu iki ümrə arasında) edilən günahların bağışlanması üçün kəffarədir. Allah dərgahında qəbul edilən həccin mükafatı yalnız Cənnətdir” (Buxari, Ümrə, 1; Müslim, Həcc, 437).
Qeyd edək ki, həcc ibadəti hər nə qədər ilin sadəcə müəyyən günlərində edilsə də, həccə gələn zəvvarlar bu zaman ümrə adıyla da Kəbəni ziyarət edə bilərlər. Ancaq ilin digər günlərində ümrə niyyəti ilə Kəbəni ziyarət edənlər həcc deyil, sadəcə ümrə ziyarəti etmiş olurlar. Allah Rəsulu (s.ə.s) həcc ziyarəti vaxtı ümrə etmənin də mümkün və fəzilətli əməl olduğunu bir hədisdə belə xəbər vermişdir: “Həcc və ümrəni birlikdə (bir-birinin ardınca edin). Çünki bu əməl körüyün dəmirdən, qızıldan və gümüşdən kir və pası təmizlədiyi kimi, yoxsulluğu və günahları aradan qaldırar. Qəbul edilən həccin mükafatı yalnız Cənnətdir” (Tirmizi, Həcc, 2; Nəsai, Həcc, 6).

Qeyd: Yazının hazırlanmasında “Diyanet İslam İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top