Yeni ailə quranların peyvəndlənməsi ilə bağlı həkimdən VACİB AÇIQLAMA


Xəbər verdiyimiz kimi, ötən gün Zərdabda bəylə gəlin vaksinasiya olunmadığına görə toya buraxılmayıb.  Hər iki gənc yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

Yeniavaz.com xəbər verir ki, bu məsələ ilə bağlı pediatr Aytən İsmayılzadə öz “facebook” hesabında münasibət bildirib: 
A.ismayılzadə bildirib ki, o, bu cür vaksinasiya tədbirlərini doğru saymır:
"Çünki heç bir etikaya sığmır. Mən ilk peyvənd olunan, peyvəndi təbliğ edən, bununla bağlı dəfələrlə müsahibə verən həkim olmuşam. Öncədən də demişdim ki, vaksinasiya tədbirlərini kütləvi etsinlər. İş yerlərində, səyyar məntəqələrdə və s. Bizim TƏBİB nümayəndələri isə nə isə çox ləng tərpəndilər. İndi düşüblər əl-ayağa və bu cür uyğunsuz aksiyalar həyata keçirirlər. Niyə uyğunsuz? İzah edim. Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub və onlar indi toy məclisi edir. Buna haqqları da var. Amma gəlib onları toy günü peyvəndləmək nə dərəcədə doğrudur. Hər kəs bilir ki, peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy günü yaşamaq lazımdırmı? Gəlin hamilə də ola bilər. Bütün antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur. Və peyvənddən sonra ilk üç ay hamiləlik planlanmasın deyilir. Bütün bunlar nəzərə alınırmı? Bəy və gəlin stress keçirib düşünəcək ki, görəsən necə olacaq? Ümumiyyətlə, bəy-gəlindən başlamaq fikri kimin ağlına gəlib? Məclisə daxil olan şəxslərdən kimin hərarəti ölçülür? Peyvənd pasportu olsa da kovidə yoluxmaq riski var. Yəni, niyə ehtiyat tədbirimiz bəy və gəlindən başlamalıdır? TƏBİB, vaksinasiya tədbirlərini daha sivil qaydada həyata keçirməyinizi məsləhət görürəm. İnsanlarımıza isə tövsiyə edirəm ki, yuxarıda qeyd etdiyim vəziyyətdə, bilmədən olan hamiləlik şübhəsi varsa, dərhal hamiləlik planlanırsa bunları nəzərə alsın. Ya hamiləliyi gecikdirin, ya da vəziyyətinizi dəqiqləşdirin".

DİGƏR XƏBƏRLƏR

Top