İnsanı tərbiyə edən ibadət – Həcc


Yazının əvvəlini buradan oxuya bilərsiniz.
Əslində İslamın buyurduğu, inananlara əmr və tövsiyə etdiyi namaz, oruc, zəkat və s. digər ibadətlərdə əsas qayə Allaha (c.c) itaət etmə olmaqla yanaşı, insanı tərbiyə etmə xüsusiyyəti də vardır. Yazının bu bölümündə həcc ibadətinin insanları tərbiyə etmə xüsusiyyətindən bəhs etməyə çalışacağıq.
Həcc ibadətini yerinə yetirən müsəlmanlar geyindikləri gündəlik paltarlarının əvəzinə təmiz və ağ ehram paltarlarına bürünərək hər cür təkəbbür, lovğalıq və özünü böyük görmə kimi natamamlıq komplekslərindən uzaq durmağı öyrənirlər. Ağ ehram geyinmiş müsəlmanlar mal-mülklə, bahalı və məşhur brendlərin geyimləri ilə öyünməkdən uzaq durmağı öyrənir, insanlar arasındakı bərabərliyi və ölümdən sonrakı həyatı dərk edib anlayırlar.
Həcc ibadəti zamanı ehram geyinmiş müsəlmanlar üçün bəzi qadağalar vardır ki, bunların da bəzi səbəbləri vardır. Ehramda ikən heç bir insana, hətta həşəratlara belə zərər vermək olmaz. Bu zaman hər bir müsəlman bütün məxluqat və varlıqlara şəfqət və mərhəmətlə rəftar etməli, çətinliklərə qarşı səbrli və təmkinli olmalıdır. Bir sözlə həcc ibadəti insana nizamli və intizamlı bir həyat yaşamağı öyrədir.
Həcc ibadətini yerinə yetirən müsəlmanlar Cənab Allahın (c.c) razılığını qazanmaqla yanaşı ətrafındakı insanlara faydalı olmaq, ya da heç olmasa onlara zərər verməmək vərdişi qazanırlar. Həzrət Peyğəmbərimiz (s.ə.s) də belə bir anlayışla həcc ibadətini yerinə yetirən müsəlmanlar üçün: “Kim Allah (c.c) üçün həcc edər (bu zaman Allahın (c.c) rizasına uyğun olmayan) pis söz və davranışlardan uzaq durarsa, anasının onu dünyaya gətirdiyi gün kimi (günahlardan təmizlənmiş olaraq həccdən) qayıdar (Buxari, Həcc, 4; Müslim, Həcc, 438) buyurmuşdur.
Kəbə həcc ibadətinin yerinə yetirildiyi əsas məkanlardan biri olmaqla yanaşı, həm də müsəlmanların qibləsi olan, həmçinin yer üzündə Allaha (c.c) ibadət məqsədilə inşa edilən ilk binadır. Kəbə binası Allahın (c.c) əmri ilə Həzrət İbrahim (ə.s) və oğlu Həzrət İsmayıl (ə.s) tərəfindən Məkkədə inşa edilmişdir. Kəbə binası tamamlandıqdan sonra vəhy mələyi olan Cəbrayıl (ə.s) həccin və tavafın necə ediləcəyini göstərmiş, Həzrət İsmayıl (ə.s) da bunu o gün Məkkə və ətrafında yaşayan insanlara (Hicaz xalqına) öyrətmişdir. Həzrət İbrahimin (ə.s) dövründən sonra müşriklər tərəfindən həcc ibadətinin vaxtı və yerinə yetirilmə şəkli dəyişdirilmiş və təhrifə məruz qalmışdır. Həcc ibadətinin bugünki şəklini Allah Rəsulu (s.ə.s) vəfatına yaxın vaxtda etdiyi və tarixə “Vida həcci” olaraq düşən həcc ziyarətində bütün müsəlmanlara yenidən öyrətmiş və Həzrət İbrahimin (ə.s) dövründəki halına qaytarmışdır. Beləliklə də Allah Rəsulu (s.ə.s) İslamda həcc ibadətinin necə ediləcəyini feilən göstərmiş, daha əvvəl edilən xətaları, təhrifləri aradan qaldırmış və bu haqda belə buyurmuşdur: “Həcc ibadətindəki bütün əməl və davranışları (həccin mənasiqlərini) məndən öyrənin, məndən gördüyünüz kimi icra edin” (Müslim, Həcc, 310).
Həzrət Peyğəmbərimizin (s.ə.s) həcc ibadətindəki feil və davranışlarının hansılarının həccin əsas şərtlərini, hansılarının isə ikinci dərəcəli feil və əməllər olduğu ilə bağlı fiqh alimləri sonraları bir sıra izah və şərhlər gətirmiş, həcc əməllərinin tərk edildiyi, ya da unudulduğu vaxtlarda onların əvəzinin necə veriləcəyi ilə bağlı da şəri dəlillərdən yola çıxaraq bir sıra görüşlər ortaya qoymuşlar.

Qeyd: Yazının hazırlanmasında “Diyanet İslam İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top