Həcc ibadətindəki simvolik mənalar...


Yazının əvvəlini buradan oxuya bilərsiniz.
Həcc ibadətinin ən vacib şərtlərindən biri Arafat vəqfəsidir, yəni Məkkə şəhərinin yaxınlığındakı Arafat dağında bir müddət dayanmaqdır. Rəvayətə görə, Həzrət Adəm (ə.s) və Həzrət Həvva dünyaya endikdən sonra ilk dəfə Arafat dağında görüşmüşdülər. Bu mənada Arafat vəqfəsi simvolik olaraq həm insanın dünyaya ayaq basmağını, həm də qiyamət günü bütün insanların Cənab Allahın (c.c) hüzurunda dayanmasını təmsil edir və xatırladır.
Həcc ibadəti mahiyyət olaraq ruhun Cənab Allaha (c.c) yüksəlməsini təmsil edir. Buna görə də burada Kəbə əsas hədəf deyil, bəlkə də əbədiyyətə və bu mənəvi atmosferə keçidin başlanğıcıdır. Kəbəni tavaf etmək (ətrafında dönmək) kainatın və yaradılışın xülasəsi, həmçinin ilahi qədərə təslim olmanın simvolu sayılır. Həcc ibadətinin rüknlərindən biri də Səfa və Mərvə təpələri arasında iri addımlarla, ya da qaçaraq gebib-gəlməkdir. Buna dini termin olaraq səy etmək deyilir. Həccin rüknlərindən biri olan səy etməkdə bir canlılıq, axtarış və Allaha (c.c) təvəkkül etməklə yanaşı səbəblərə riayət etmək də vardır. Həzrət İbrahim (ə.s) peyğəmbərin həyat yoldaşı Həcər övladı İsmayıl üçün su tapmaq ümidi ilə Səfa və Mərvə təpələri arasında dəfələrlə gedib-gəlmiş, bir axtarış içərisində olmuşdur. Bu axtarışın bəhrəsi olaraq da Cənab Allah (c.c) onlara zəmzəm suyunu vermişdir.
Həcc ibadətinə kənardan baxanda simvolik davranışlar kimi görünən hər bir ibadət və əməldə möminləri maarifləndirici xüsusiyyətlər vardır. Həcc ibadətini yerinə yetirən möminlər buradakı hər bir əməlin daşıdığı mənanı dərk etdikcə həccin hikmətini daha yaxşı anlayar, sonrakı həyatına yeni bir canlılıq və şüurla davam edərlər. Bu mənada həcc ibadətini yerinə yetirməyin bir möminin həyatında dönüm nöqtəsi olduğunu demək olar. Maddi gücü və səhhəti imkan verən hər bir müsəlmana həcc ibadətinin fərz olmasının səbəblərindən biri də həyatında belə bir dönüm nöqtəsini yaxalaya bilməsidir.
Həcc ibadətində İslamın digər şərtlərindən olan namaz qılmaq, oruc tutmaq və zəkat verməklə bağlı işarə və izlər vardır. Həccə gedən mömin bir şəxs hər namazda yönəldiyi Kəbəni qarşısında görür, namazın əsas məğzi olan Allahla (c.c) görüşmək şüurunu burada daha yaxından hiss etməyə başlayır. Həcc ibadətinin xüsusi geyimi olan ehrama bürünməyin namaz ibadətindəki iftitah təkbirinə bənzəyən cəhətləri vardır. Həm kəfən misalı bəyaz ehram paltarını geyinəndə, həm də namaza başlayarkən iftitah təkbiri gətirəndə dünyanı geridə buraxmaq mənası vardır. Əyninə ehram paltarını geyinmiş bir möminin müəyyən dünyəvi dad və zövqlərdən uzaq durması bir mənada oruc ibadətini də xatırladır.
Həcc eyni zamanda müsəlmanların ümumdünya miqyasında sosial inteqrasiyalarının, həmrəyliyin və saflaşmanın həyata keçdiyi bir ibadət mahiyyəti daşıyır. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Kim Allah rizası üçün həcc edər və bu zaman pis söz və davranışlardan uzaq durarsa(qul haqqından başqa), anasından doğulduğu gün kimi günahlarından təmizlənmiş şəkildə (həccdən evinə) qayıdar (Müslim, “Hac”, 438). Buradan da gördüyümüz kimi həcc ibadəti saflaşma, yenilənmə və günahlardan təmizlənməyə bir vəsilədir.
Həcc ibadətində dünyanın dörd bir tərəfindən gələn müsəlmanlarda həmrəylik və ümmət olma şüuru daha dərindən hiss edilir, həmçinin müsəlmanların bir-birlərinin yanında və arxalarında olduqlarını göstərən bir mənzərə ortaya çıxmış olur. Əlbəttə arzu edilən odur ki, həcc ibadəti zamanı ortaya çıxan bu mənzərə həm də bütün dünyada və ilin bütün günlərində cərəyan etmiş olsun. Həcc ibadəti müsəlmanlara həm də bu mesajı vermiş olur.

Mövzuya davam edəcəyik...

Qeyd: Yazının hazırlanmasında “Diyanet İslam İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top