
ABŞ-da 2020-ci ilin noyabrından, Hindistanda isə bu ilin iyun ayından istifadə olunan antikor kokteyli artıq Yaponiyada da təsdiqlənib. Bəs ABŞ-ın sabiq prezidenti Donald Trumpın COVID-19 müalicəsində də istifadə edilən antikor kokteyli nədir?
Yeniavaz.com xəbər verir ki, antikor qandakı virus və ya bakteriya kimi müəyyən bir xarici maddəyə yapışıb zərərləşdirmək üçün immun sistemi hüceyrələri tərəfindən hazırlanan proteindir. Yəni antikorlar virusların hər hansı bir xəstəliyə səbəb olmasının qarşısını alır.
ABŞ-ın dərman şirkəti olan “Regneron”un istehsal etdiyi “REGN-COV2” adlı antikor kokteyli iki güclü- “Casirivimab” və “Imdevimab” adlı monoklonal antikorların birləşməsidir. Monoklonal antikor ağ qan hüceyrələrini klonlaşdıraraq hazırlanan bir antikordur. Sözügedən iki antikor virusa yapışaraq xəstəliyin təsir etmə gücünü zəiflədir. Nəticədə virusun sağlam hüceyrələrə yoluxma riski minimum səviyyəyə düşür. Antikor kokteylinin daha çox yüksək risk qrupuna aid olan insanlar tərəfindən istifadəsi məsləhət görülür. Yüksək risk qrupu dedikdə, 60 yaşdan yuxarı olan şəxslər, ürək-damar xəstəlikləri olanlar, xroniki ağciyər, böyrək xəstəliyi, diabet və sair kimi xəstəlikləri olan insanlar daxildir. Mütəxəssislərin dediyinə görə, COVID-19-a yoluxan şəxs xəstəliyin ilk 7 günündə antikor kokteylini qəbul edərsə, xəstəxanada müalicə almağına ehtiyac olmayacaq. Lakin antikor kokteyli ağır COVID-19 xəstələrinə, yəni artıq süni tənəffüs aparatına qoşulmuş insanlara tövsiyə edilmir.
COVID-19-a yoluxan şəxslərin sağalması üçün sözügedən kokteylin 1 dozasının istifadəsi kifayətdir. Bir dozanın qiyməti təxminən 1500-2000 manatdır. Bir flakonda isə iki doza olur. Onun bir dozası istifadə edildikdən sonra yalnız 48 saat saxlanıla bilər. Bütün bunları nəzərə alsaq, görərik ki, dərmanın hələki hamı üçün əlçatan olması gözlənilmir.
Nəzmiyyə Sadıqova
Tətbiqimizi yükləyə bilərsiniz