Vətən müharibəsi qazisi anası ilə birgə ehtiyac içində yaşayır – FOTOLAR + VİDEO


Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu Göyçay rayonunun Çayarxı kəndində, köhnə və cəmi 4 kvadratmetrlik köşkdə yaşayır.
Yeniavaz.com
-a müraciət edən Nicat Əliyev bildirib ki, evsizliyə, imkansızlığa görə ailə həyatı qura bilmir:
“Anamla birlikdə çöllərdə qalmışıq. Bizim yaşayışımızı görən dəhşətə gələr. Vətən müharibəsində “N” saylı hərbi hissənin tərkibində Suqovşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlının müdafiəsində olmuşam. Buna görə mən medallarla təltif edilmişəm.
Atam vəfat edib, evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonunun Çayarxı kəndində çölün düzündə köhnə, uçuq-sökük ticarət köşkündə yaşayırıq. Dörd kvadratmetr ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı damır. Gördüyünüz bu yer heyvan saxlamağa yaramır, ancaq biz burada yaşamağa məcbur olmuşuq. 10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq. 
Daş bazarında fəhləlik edirəm. Elə olur, günlərlə işim olmur. Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm, ancaq heç bir köməklik göstərilməyib. Hətta mən Vətən müharibəsində olan zaman Göyçay Rayon İcra  Hakimiyyətinə zəng edib, tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm. Ancaq xahişimi nəzərə almadılar, bir dəfə də olsun maraqlanmadılar.
35 yaşım var, evsizliyə, imkansızlığa görə hələ ailə həyatı qurmamışam. Yaşadığımız daxmanın qazı və suyu yoxdur. Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkə də Azərbaycan Respublikasında bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur. Əmək qabiliyyətinə malik olsam da işlə təmin olunmamışam. Baxmayaraq ki, məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün Göyçayda, daş bazarında fəhləlik edirəm. Bu iş isə daimi deyil, bir gün olur, 5 gün olmur. Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bu mümkünsüz olub”.
N. Əliyev Vətən müharibəsi zamanı çəkilmiş fotolarını da redaksiyamıza təqdim edib:






Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, lakin qurumun saytında yerləşdirilən əlaqə vasitələrinin heç biri işlək vəziyyətdə deyil.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top