Məhşərin kiçik modeli – Həcc ibadəti


İbadətlər mahiyyət və məqsəd baxımından insanın Uca Yaradanın (c.c) üstün gücü və qüdrəti qarşısında öz acizliyi dərk etməsinə, insanı əhatə edən sonsuz zaman və ucsuz-bucaqsız varlıqlar aləminin içərisində öz yeri və mövqeyini anlamasına kömək edir. Bu da nəticədə insanın səadətinə, insanın hər şeydən əvvəl özünü tanımasına, beləliklə özü ilə və içində yaşadığı cəmiyyətlə dinc və barışıq yaşamasına xidmət edir.
Həcc sözü lüğəvi olaraq niyyət, yönəlmək və gəzinti kimi mənalara gəlir. Həcc - ildə bir dəfə müəyyən məkan və zamana bağlı olaraq müsəlmanların icra etdiyi ibadətdir. Qeyd edək ki, müqəddəs zaman və müqəddəs məkan anlayışı bütün dinlərdə vardır. İslamda da müqəddəs məkan və müqəddəs zaman anlayışını həcc ibadətinin yerinə yetirilməsində görmək olar.
Müəyyən şərtlər sahib olan müsəlmanların ömürdə bir dəfə həcc ibadətini yerinə yetirməsi İslamın beş şərtindən biridir. Quran ayələrində həcc ibadətinin icra edildiyi zaman və məkanla bağlı “haram aylar, bəldəi-haram, məscidi-həram, hurumətullah, şəairullah” və s. kimi keçən sözlər hörmət və müqəddəslik bildirən ifadələrdir (Maidə, 5/1-2; İsra, 17/1; Qasas, 28/57; Ənkəbut, 29/67). Həcc ibadətinin xüsusiyyətlərindən biri möminin iman kökləri ilə bağlılığını yeniləməsidir. İslam Peyğəmbəri Həzrət Muhamməd (s.ə.s) və Onun (s.ə.s) yol yoldaşı olan səhabələrin ilk mübarizə və mücadiləsi həcc ibadətinin yerinə yetirildiyi torpaqlarda yaşanmışdır. Həcc ziyarətinə gələn zəvvarların zehin dünyasında sanki Allah Rəsulunun (s.ə.s) yaşadığı acı-şirin bütün xatirələr bir film kimi canlanır. Bu müqəddəs məkanları ziyarət edən hər bir müsəlman istər-istəməz xəyalən həmin dövrlərə gedir, həmin dövrdə yaşanan hadisələrin arasında özünü hiss edir. Bu zaman insanın yaşadığı bu nostalji hiss və duyğular iman şüurunun, İslam kimliyinin qəlbin dərinliklərində daha da kök salmasına səbəb olur.
Dünyanın dörd bir yanından gələn müsəlmanların həcc ibadətini yerinə yetirərkən ortaya çıxan mənzərə sanki qiyamət gününün kiçik bir məşqi və kiçik ölçüdə bir qiyamət mənzərəsini çağırışdırır. Fərqli dil, irq, rəng, bölgə və mədəniyyətlərə, həmçinin yaşadıqları cəmiyyətin fərqli sosial təbəqələrinə, fərqli iqtisadi güc və imkanlara sahib insanlar həcc ibadətində eyni rəng və eyni formadakı geyimlərlə bir məkanda toplanması, yüzminlərlə insanın eyni anda bir ibadəti icra etməsi sanki axirət günü Uca Yaradanın (c.c) hüzurunda toplaşacaq insanları xatırladır. Həcc ibadəti mömin bəndələri bu mənada axirətdəki dirilişə hazırlayır, müsəlmanların belə bir şüura sahib olmalarına köməklik edir.
Müsəlmanlar həcc ibadətini yerinə yetirərkən İslam dininə mənsub olmalarını bütün zərrələri ilə hiss edib yaşayır, dünyadakı bütün müsəlmanlarla birlikdə qardaş və ümmət olmanın şüurunu dərk etmiş olurlar.
Dünyanın müxtəlif yerlərindən Məkkəyə axın edən və sanki gəldikləri ölkə və məmləkətlərin təmsilçisi və nümayəndəsi olan müsəlmanlar miqat adlanan müəyyən məsafədən sonra dünyaya aid bütün rütbə, vəzifə, mənsubiyyət və.s bildirən işarə və simvolları arxada buraxır və ehram paltarlarını geyinirlər. Bu məqamdan sonra artıq “mən” yox olur, yerinə “biz” gəlir. Möminlər bəyaz paltarlar içərisində sanki yox olur, ölmədən əvvəl ölümü və axirət həyatını yaşayırlar.
Bəyazlardan ibarət ehram paltarı müsəlman bir şəxsi axirət sorğu-sualı ilə müqayisədə xırda və keçici dünya qayğılarından uzaqlaşmasının simvoludur. Bu səbəblə kəfən mahiyyətində olan ehram paltarında ikən sülh və əmin-amanlığı pozan, eqoistliyi təhrik edən, dünyəvi həzz və mənfəəti yada salan hər bir əşyadan istifadə etmək, bu sadalananlara xidmət edən feil və əməlləri işləmək qadağan edilmişdir.

Mövzuya davam edəcəyik...

Qeyd: Yazının hazırlanmasında “Diyanet İslam İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top