Elçibəyin şeyxə dedikləri: "Sənə deyirlər ki, məsciddə Xomeyninin şəkli olmaz, sən onu çıxarmaq əvəzinə..." – VİDEO


Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin Qurban Bayramı ərəfəsində “Təzəpir” məscidində bayram namazından sonra verdiyi açıqlama ölkədə gündəmə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, məsələnin ictimailəşməsindən sonra Azərbaycan Respublikasının ikinci prezidenti, mərhum Əbülfəz Elçibəyin 90-cı illərdə özünün ad günü məclisində Allahşükür Paşazadə haqqında danışdığı kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb. Kadrlarda Ə. Elçibəyin A. Paşazadəni sərt tənqid edir:
“Mənim sözümə görə şeyxə deyilən sözlərdən camaat inciyib. Xalq inciyib ki, “şeyxlə nə işin var?”. Mən bir lentə baxmışam, başa düşmürəm, şeyx cənabları Əlikram Hümbətovun (Azərbaycanın sabiq müdafiə naziri müavini - red.) yanında oturanda və Əlikram Hümbətov, onun adamları deyəndə ki, “Bu türklər haradan çıxıb? Bu Azərbaycan nə türküdü? Biz azərbaycanlıyıq, bu türklüyü haradan gətirdilər bura? Rədd olsunlar buradan”, şeyx həzrətləri, sən orada oturmuşdun və sakit baxırdın, hətta başını yırğalayırdın. Bunu qoyaq qırağa, şeyx həzrətləri, sizə nə düşmüşdü ki, bir ay bundan qabaq götürüb qəzetə böyük bir müsahibə verirsən ki, “türklər başqadır, biz başqayıq; qardaş olsaq da, ciblərimiz ayrıdır; onlar öz xeyirlərinə çalışırlar”. Sən şeyxsən, şər deyirsən. Sən deyirsən ki, burada türklərin tikdiyi məsciddə Atatürkün şəkli var. Mən də adam göndərib yoxlatdırıram, heç bir zaman orada Atatürkün şəkli olmayıb. Bu şəri niyə deyirsən? Bu şəri sən ona görə deyirsən ki, sənə deyirlər, məsciddə Xomeyninin (İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu) şəkli olmaz. Sən onu çıxarmaq əvəzinə, ki, o çıxarılmalıdır, düzdür, amma işi götürüb göndərirsən bu tərəfə ki, məsələ, fikir getsin türk məscidinə və getsin Atatürkün üstünə. Nədir sənin məqsədin, əzizim, nə istəyirsən bu millətdən?”.

Xatırladaq ki, A. Paşazadə əvvəlcə, “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, - deyə açıqlama vermiş, daha sonra isə çıxışının yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim edildiyini demişdi.

DİGƏR XƏBƏRLƏR

Top