Tunis prezidenti Said ölkədə bir aylıq komendant saatı elan etdi


Tunis prezidenti Qais Said ölkədə bir ay müddətinə gecə saatları üçün komendant vaxtı tətbiq ediləcəyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tunis prezidentinin ofisindən məlumat verilib. Komendant saatı bu gün axşamdan 27 avqusta qədər saat 19:00-dan 06:00-a kimi tətbiq olunacaq. Qərara əsasən, həmin saatlarda insanların və nəqliyyat vasitələrinin küçəyə çıxması qadağan edilir.
Qadağa yalnız təcili tibbi yardım işçilərinə və gecə işləyənlərə şamil olunmur. Bundan başqa, səhiyyə və təməl ehtiyacların qarşılanması vaxtı insanların küçəyə çıxmasına izin veriləcək. Fərmanla ümumişlək yollarda və meydanlarda 3 nəfərdən çox insanın bir yerə toplanması da qadağan olunub. Polis və ordu xaricində, bütün dövlət qurumlarında işi iki günlük dayandırılıb. Nazirlərin və yerli məmurların işini məsafəli idarə etməsinə icazə verilib.
Qeyd edək ki, ötən həftə Tunisdə iqtisadi çətinliklər və COVID-19 pandemiyasına qarşı mübarizədəki uğursuzluq səbəbi ilə hökumətin istefası tələb edilmişdi. Bu səbəbdən bəzi qruplar tərəfindən etiraz nümayişləri təşkil edilmişdi. Ölkə prezidenti Qais Said bundan sonra parlamentin buraxıldığını və baş nazir Hişam Maşişinin istefaya göndərildiyini bildirmiş və onların toxunulmazlığını əlindən almışdı. Eləcə də Said, təcili tədbirlərin davam edəcəyi müddətdə hökumətə başqa bir şəxsin rəhbərlik edəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top