Günel Gözəlova həyat yoldaşını əməliyyat edən həkimi məhkəməyə verib – Həkimdən AÇIQLAMA


Tanınmış telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib.
Yeniavaz.com
yerli KİV-də dərc olunan məlumata istinadla xəbər verir ki, iddia ərizəsində G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) "Buta" Klinikasının cərrahı, uroloq-androloq Araz Bayramova müraciət etdiyi qeyd olunub.
Bildirilir ki, həmin klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb və fevralın 18-də A.Gözəlov əməliyyat olunub:
"Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.
Xəstənin ailəsi və "Buta" Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.
Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.
İddia ərizəsi Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır.
A.Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.
Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün ölkə rəhbərliyinə daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, səhiyyə nazirinin müavininə və s. qurumlara müraciət edib. G.Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır".
Məsələ ilə bağlı uroloq-androloq Araz Bayramov Yeniavaz.com-a açıqlama verib və həm əməliyyatdan öncə, həm də əməliyyat zamanı bütün prosesin Avropa Uroloqlar Cəmiyyətinin təlimatları üzrə həyata keçirildiyini bildirib:
"Fransada və Vətənimdə çalışdığım illər ərzində Avropa Uroloqlar Cəmiyyətinin konqreslərində Anar Gözəlov üzərində etdiyim “perkutan nefrolitotomiya” əməliyyatının Azərbaycanda əldə etdiyimiz nəticələri haqqında elmi çıxışlarım var. İttiham olunan əməliyyat da Avropa Uroloqlar Cəmiyyətinin təlimatları üzrə həyata keçirilib. A. Gözəlov əməliyyatdan 5 ay öncə sidik axarı daşının kəskin ağrıları ilə gecə saatlarında mənə müraciət edib və təmənnasız etdiyim dərman müalicəsi tövsiyyəsi ilə sidik axarı daşını salıb, çox məmnun qalıb. 2020-ci ilin oktyabr ayında da bizə müraciət edib. Müayinəmiz zamanı mərcanvari, çox iri ölçülü böyrək daşı və 3-4-cü dərəcə hidronefroz aşkarlanıb. Kəskin əlamətləri olmasına baxmayaraq Anar Gözəlovu dərhal əməliyyata götürmədik və dərman müalicəsi təyin etdik. 2020-ci ilin dekabr ayında A. Gözəlov koronavirusa yoluxdu. Sonrakı görüşümüz 6 fevral 2021-ci ildə oldu. Kəskin böyrək ağrıları və sidikdə qan ilə müraciət edərək təkidlə əməliyyat olunmasını istədilər. Əməliyyatönü müayinələr və əməliyyat Avropa və Amerika uroloqlar cəmiyyətinin təlimatları əsasında aparılıb ki, bu günə kimi eyni şəkər və trombosit göstəriciləri olan pasientlərdə “perkutan nefrolitotomiya” əməliyyatı heç bir fəsad olmadan tərəfimizdən həyata keçirilib. Anar Gözəlovun da böyrək daşı əməliyyatı heç bir fəsad olmadan ideal səviyyədə həyata keçirilib.
Anar Gözəlovda şəkər və trombositlərin göstəriciləri kliniki protokollara əsaslanaraq yüksək hesab olunmur. Protokollar əsasında bu analiz nəticələri adıgedən əməliyyat üçün heç bir əks göstəriş sayılmır. Günel Gözəlova və onun həyat yoldaşı Anar Gözəlov klinikada VIP (əhəmiyyətli insanlar üçün) otaqda təmənnasız olaraq həftələrlə qalıblar. Bu müddətdə onlara yüksək səviyyədə diqqət və qayğı göstərilib, o cümlədən onları əməliyyatla əlaqəsi olmayan vitamin D, şəkər xəstəliyi ilə əlaqəli və çətin tapılan nevroloji dərmanlarla öz hesabıma təmin etmişəm. 
Həmçinin keçirdiyi böyrək əməliyyatı ilə heç bir əlaqəsi olmayan, xroniki işemik insult ocaqlarının yarımkəskinləşməsi səbəbi ilə xəstədə yaranmış nevroloji vəziyyətə görə KT və MRT müayinələrini öz hesabıma etmişəm. Ona endokrinoloq və nevropotoloqun müayinələri ilə daima qayğı göstərilib. Anar Gözəlovun klinikada VIP otaqda qaldığı və klinikadan çıxdıqdan sonra evinə çatdırılan dərmanları daxil ümumi smetası 4000 AZN-i keçib ki, problemin uroloji, yəni bizim əməliyyatla heç bir əlaqəsi yoxdur. Buna rəğmən mənim pasientim olduğuna görə, bundan başqa Günel Gözəlovanı ailəvi tanıdığımız üçün və həmçinin, özünün bildirdiyinə görə, atası xərçəng xəstəsi olduğu və müalicəsini özü təmin etdiyi üçün, maddi imkanının yaxşı olmamasını nəzərə alaraq yaranmış nevroloji problemi ilə əlaqəli xərcləri təmənnasız olaraq öz hesabıma çəkmişdim. Buna baxmayaraq araşdırmadan məni günahlandırdığına və telefonlara cavab vermədiyinə görə dostlarının köməkliyi ilə üzbəüz görüşüb məsələyə aydınlıq gətirmək istəyirdim.
Xəstə həm əməliyyat günü, həm növbəti gün, həm də digər klinikada yatdığı günlərdə daim yoxlanılıb. Axşam saatlarında bitən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti keçirdiyi əməliyyata və aldığı narkoza tam uyğun olub. Gecə saatlarında xəstə yatdığına görə növbəti gün təkrar yoxlandıqda danışığındakı qeyri adekvatlığı sezilib və dərhal nevropatoloqun göstərişi ilə beyin KT-si edilib. Nəticədə beyində xroniki işemik insult ocaqlarının və birinin də yarımkəskinkəşməsi aşkar olunub ki, bu problemlə əlaqəli bütün lazımi tədbirlər və müalicələr edilib".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top