Sedat Pekeri yetişdirdiyi iddia edilən general kimdir? - DOSYE - FOTOLAR


Son vaxtlar həm “youtube”, həm tviterdə verdiyi açıqlamalarla Türkiyədə gündəmə çevrilən mafiya lideri Sedat Pekeri yetişdirən, ona dəstək olan şəxsin məşhur general Veli Küçük olduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, Veli Küçük 9 May 1944-cü ildə Türkiyənin Biləcik bölgəsində anadan olub.
Edirnə, Van, Eskişehir, Ağrı, Kocaeli və Hatay bölgələrində yerləşən Jandarma Alay Komandanlıqlarında xidmət edib. 1996-cı ildə general rütbəsinə yüksəlib. 2000-ci ildən təqaüdə çıxıb.
Adı ilk dəfə Türkiyədə baş verən “Susurluk" skandalından sonra gündəmə gəldi.

Araşdırmalar zamanı məlum oldu ki, “Susurluk hadisəsi”də ölən mafiya lideri Abdullah Çatlı ilə sonuncu dəfə telefonla danışan şəxs məhz Veli Küçük olub. Ancaq bu hadisənin üzərinə gedilmir. Veli Küçükün Abdullah Çatlı ilə nə danışdığı, generalın nə üçün mafiya liderinə zəng etdiyi barədə dərin araşdırmalar aparılmır. Türkiyə Böyük Millət Məclisində qurulan komissiyanın sədri Veli Küçükün çağırılmasına və dindirilməsinə ehtiyac olmadığını bildirir. Ancaq hadisələr bununla bitmir. Türkiyədə “Yaşıl” kod adlı Mahmut Yıldırımın mobil telefonunun Veli Küçükün adına qeyd olunduğu ortaya çıxır.

Məlumat üçün deyək ki, “Yaşıl” kod adlı Mahmut Yıldırım Türkiyədə tanınmış kəşfiyyatçılardan biridir. Türkiyənin Milli Kəşfiyyat Təşkilatında çalışıb, PKK terror təşkilatı ilə mübarizə aparıb. Abdullah Öcalana qarşı keçirilən bəzi əməliyyatlarda iştirak edib. Bir çox əməliyyatda PKK üzvü kimi geyinərək terror qruplaşmalarının içərisində müəyyən müddət qala bilib. Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən tanına bilməsi üçün başına yaşıl parça bağlayırdı. Bu səbəblə kod adı “yaşıl” olaraq qeyd olunur. 90-cı illərdən haqqında heç bir məlumat yoxdur. Bir çox üstü açılmayan cinayətlərdə adı hallanır. Türkiyənin sabiq təhülkəsizlik işçiləri “Yaşıl”ın hələ də yaşadığını ancaq yeri və hansı vəziyyətdə olduğu barədə heç bir məlumat yoxdur.

Veli Küçük 22 yanvar 2008-ci il tarixində Türkiyədə “Ergenekon” hadisələrində əli olduğu şübhəsilə həbs olunur. O, “Ergenekon” adlı silahlı təşkilat qurmaq və ona rəhbərlik etmək, Türkiyə Cümhuriyyətinə qarşı silahlı qiyam qaldırmaq, sui-qəsdlər təşkil etməkdə günahkar bilinir. 524 ilə qədər ağırlaşdırılmış ömürlük həbs cəzası verilir. Ancaq, ittihamların təsdiqini tapmaması əsas göstərilərək 12 Mart 2014-cü ildə Türkiyə 4-cü Ağır Cəza Məhkəməsi tərəfindən sərbəst buraxılır.
Veli Küçük Türkiyə Ordusunda uzun müddət xidmət etmiş, orada hazırladığı kadrlarla müəyyən bir gücə sahib şəxslərdən biri kimi tanınır. Türkiyədə “Dərin dövlət” kimi tanınan bir neçə şəxsdən biridir.
Bir çox mənbələrdə mafiya lideri Sedat Pekeri Veli Küçükün yetişdirdiyi, həyatı boyu ona dəstək olduğu iddia olunur. Onu digər mafiya liderlərindən fərqli olaraq mütaliəyə təşviq etdiyi, zor-güc tətbiq etmək əvəzinə plan quraraq addım atmağı öyrətdiyi bildirilir. Sedat Pekerin də Veli Küçük izilə gedərək Türkiyədə olduğu müddətdə orduya yaxın olduğu, tez-tez hərbçilərlə görüşdüyü, hərbi hissələrə gedərək orada tədbirlər keçirdiyi məlumdur.

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında uzun müddət davam edən İskəndər Büyük obrazının Veli Küçükün prototipi olduğu bildirilir.
Son olaraq qeyd edək ki, Sedat Peker uzun müddətdir Türkiyədə baş verən üstü açılmayan cinayətlər, korrupsiya və qanunsuz işlər barədə iddialar ortaya atır. Əvvəl “youtube” vasitəsilə videolar yerləşdirsə də, bir müddətdir bu prosesi dayandıraraq tviterdən açıqlamalara davam edir.

Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top