Polis nişanlandırılan 16 yaşlı qızın evinə gedib, mərasimin qarşısı alınıb - YENİLƏNİB


Bu gün Astara rayonunun Rudəkənar kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın özündən 14 yaş böyük bir şəxslə nişan mərasiminin keçiriləcəyi məlumatı yayılıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-ya bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.
Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.
Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.

***12:20
Sosial şəbəkədə Astarada 16 yaşlı qızla 30 yaşlı oğlanın nişanlanması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.
Belə ki, bu gün saat 14:00-da gözlənilən nişan mərasimi ilə bağlı oğlan evi açıqlama verib. 

Yeniavaz.com xəbər verir ki, oxu.az-ın əməkdaşına hadisə barədə məlumat verən 1991-ci il təvəllüdlü İsmayıl Yusifovun bacısı Vüsalə İbrahimova yayılan söz-söhbətlərin yalan olduğunu deyib:
“Biz heç bir nişan etməmişik. Rayon yerində qızı istəyənlər çox olur. Qardaşımla Sumayyə bir-birini istəyib. Hər ikisi də öz ailələrinə məlumat verib. Mən də bacı kimi ötən ilin oktyabr-dekabr ayları ərəfəsində tort bişirib qız evinə qonaq getmişəm. 
Bildirmişəm ki, biz sizin qızınızı istəyirik. Ailə də razılaşıb. Qızın “həri”sini almışıq. Qızın 16 yaşı, oğlanın 30 yaşı var. Yaşının tamam olmasını gözləyirik. Ailəsi razılaşsa, 18 yaşında toyumuzu edib, qızımızı evimizə gətirəcəyik. Bu gün nə nişan edirik, nə də toy. Elə yazırlar ki, qızı elə bil 50 yaşında kişiyə verirlər. Belə söhbətlər etmək lazım deyil. Yayılan tort şəkli isə qız evi ilə tanışlığa gedən zaman aparılan tortun şəklidir, kimsə internetdə paylaşıb”.
V.İbrahimova bu məsələdə bilib-bilmədən danışan, yanlış məlumat yayan insanlara da səslənib:
“Xahiş edirəm ki, qardaşım barədə işin nə olduğunu bilməyən insanlar fikir bildirməsin. Bu qədər söz-söhbət yaymaqdansa, əlaqə nömrəmizi tapıb, soruşmaq olardı. Bu, xoşagələn hərəkət deyil, evimizdə yaşlı insanlar var. Bu söhbətlərə görə narahat olublar”.

***09:38
Astara rayonunun Rüdəkənar kəndində 16 yaşlı qız 30 yaşlı kişiyə ərə verilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələr vasitəsilə məlumat yayıb. O bildirib ki, bu gün nişan, sabah isə qız toyudur.
“30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyəni Lənkəranda "pojarnik" işləyən 30 yaşlı İsmayıla nişanlayırlar”.
K. Ağazadə tərəflərdən birinin sözügedən kəndin icra nümayəndəsi ilə qohum olduğunu iddia edib və nişan tortunun fotosunu paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top