İcra hakimiyyəti Xırdalanda natəmizliyə göz yumur? – FOTOLAR + AÇIQLAMA


“Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyə göz yumur”.
Yeniavaz.com
xəbər verir ki, bu iddianı iqtisadçı Samir Əliyev səsləndirib. O bildirib ki, sözügedən bina bu ayın 10-da Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın iştirakı ilə Heydər Əliyev Parkında istifadəyə verilən idman meydançasından 50 metr məsafədə yerləşir:
“Bbu şəraiti yaradan məhz Abşeron RİH-in məişət tullantılarının daşınmasına məsul qurumudur. Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəkilərə əllərini də vurmurlar. Halbuki, icra hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, özü də keyfiyyətsiz. Mən hələ yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyunun binanın həyətinə axıdılmasını demirəm.
Yeri gəlmişkən, zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir. Hər gün bu natəmizliyin yanından xeyli uşaq keçir və onlar ayaqlarını çirkab suyun axdığı yola qoymalı olur. Abşeron RİH hakimiyyəti göz görünən yerdə (parkda) uşaqların sağlmlığı üçün idman qurğuları quraşdırır, ondan 50 metr aralı, göz görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır…”.
S. Əliyev sözügedən ərazidən fotolar da paylaşıb:


İqtisadçı daha sonra “Facebook” vasitəsilə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının həmin əraziyə baxış keçirdiklərini və natəmizliyin aradan qaldırılması üçün əlavə pul tələb etdiklərini iddia edib:
“Deyiblər ki, əlavə pul verin, yerdəki zibilləri yığaq. Sonra çıxıb gediblər. Vəziyyət belə qalıb”.
İcra hakimiyyətinin mətbuat katibi Seymur Qasımov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, sözügedən ünvandakı natəmizliyə MTK cavabdehdir:
“Həm zibil qutularının dəyişdirilməsi, həm ətraf mühitin çirklənməsinin qarşısının alınması, həm də məişət tullantılarının ərazidən daşınması ilə bağlı aidiyyəti üzrə müqavilələr imzalanmalıdır. MTK yeni müqavilə bağlamaq istəmir. Bu istiqamətdə hər hansı bir tədbir görülmədiyinə görə artıq Xırdalan Şəhər İcra nümayəndəliyi tərəfindən hüquq mühafizə orqanlarına müraciətlər olunub”.
S. Qasımov bildirib ki, ümumi şəhərin problemi olduğu üçün hər dəfə zibilin ərazidən daşınması aidiyyatı qurum tərəfindən həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top