Hulusi Akardan Əfqanıstanla bağlı açıqlama


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstanda baş verənləri yaxından izlədiklərini bildirib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, Hulusi Akar Türkiyənin Əfqanıstanda bütün fəaliyyətlərini əfqanların maraqlarına uyğun şəkildə həyata keçirdiklərini deyib:
“20 ildir oradayıq. Biz döyüş tapşırıqlarını yerinə yetirməmişik. Biz orada məsləhətləşmələrdə, təmir və tikinti işlərinə nəzarət etmişik. 6 ildir ki, Həmid Karzai Beynəlxalq Hava Limanında vəzifəmizi yerinə yetiririk, indi də davam etdirik. Məqsədimiz əfqan qardaşlarımızın təhlükəsizliyi, sülhü və rifahına töhfəmizi verməkdir. Hava limanı daim açıq olmalı və fəaliyyətini davam etdirməlidir. Bütün ölkələr də bunu istəyir. Hava limanı işləməsə, ölkələr buradakı diplomatik nümayəndəliklərini geri çağırmalı olacaq. Çünki etibarlı rabitə, nəqliyyat olmasa, heç bir diplomatik nümayəndəlik orada qala bilməz. Belə vəziyyətdə Əfqanıstan təcrid olunmuş bir dövlətə çevriləcək və beynəlxalq münasibətlər baxımından ciddi problemlərlə qarşılaşacaq. Hava limanı rasional fəaliyyət göstərməsə, bəs təhsil, səhiyyə və ticarət üçün xaricə getmək məcburiyyətində qalanlar nə edəcək? Söhbət bir dövlətdən gedir. Hava limanının işinin dayanması əfqan qardaşlarımızın rifahına və inkişafına mənfi təsir göstərəcək”.
Nazir “Taliban”ın ölkədə təsirinin artmasına dair sualı isə belə cavablandırıb:
“Tacikistan və Özbəkistanın sərhədlərinin təhlükəsizliyi də daxil olmaqla, bütün məsələləri diqqətlə izləyirik. Türkiyəyə mümkün miqrasiya dalğasının arta biləcəyi məsələsi üzərində düşünürük. Ola biləcək bütün ehtimallar üzərində işləyirik. Şükürlər olsun ki, hazırda heç bir problem yoxdur ".
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Əfqanıstanla bağlı məslələrdə ABŞ-la danışıqların aparıldığına da diqqət çəkib.
 

DİGƏR XƏBƏRLƏR

Top