11 760 nəfər arasında keçirilən “Yüksəliş” müsabiqəsinin qalibi bu şəxs oldu – FOTO


“Yüksəliş” müsabiqəsində birinci yerin sahibi SOCAR-ın “Caspian Innovation Center” MMC şirkətində Əməliyyatların İdarə Olunması Departamentinin rəhbəri olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat SOCAR-da açıqlanıb.
Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi məqsədilə ilk dəfə keçirilən “Yüksəliş” müsabiqəsində iştirak edən 11 760 nəfər arasından SOCAR ailəsinin üzvü Orxan Quliyev birinci yerin qalibidir.
Qeyd olunur ki, SOCAR-ın Xarici Təqaüd Proqramı ilə Almaniyada Berlin Texniki Universitetində bakalavr və magistr pilləsi üzrə təhsil alan Orxan 2016-cı ildən SOCAR ailəsinin üzvüdür. Orxan Quliyev  2017-ci ildən həm də BANM-də Proseslərin avtomatlaşdırılması üzrə müəllim kimi fəaliyyət göstərir.
Onu da bildirək ki, 10-11 iyul tarixlərində “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqənin finalında iştirak edən 112 namizəddən 27 nəfəri qalib adını qazanıb.
Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə, onlar müsabiqəyə müraciət edən 11760 nəfər arasından seçiliblər.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəsini göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edəcək.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

 

DİGƏR XƏBƏRLƏR

Top