Şəhidin ad günü məzarı başında qeyd edilib - FOTOLAR


Bu gün şəhid Şahmar Məmmədovun dünyaya göz açdığı gündür. Yaşasaydı 44 yaşı olacaqdı. Şahmar 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindəndir.
Yeniavaz.com
xəbər verir ki, bu gün onun doğum gününü məzarı başında doğmaları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və oxuduğu peşə məktəbinin müəllim-şagird kollektivi qeyd ediblər. Hərbçi yoldaşları onun igidliyindən söz açıblar. Qeyd ediblər ki, Şahmar 27 sentyabr 2020-ci il tarixindən başlayan döyüş əməliyyatlarında Gülüstan istiqamətində PDM-2 zirehli texnikası ilə düşmənin 1 minaatan heyətini və 3 atəş mövqeyini dəqiq atəşlə məhv etmiş və qəhrəmancasına şəhid olmuşdur.
Oxuduğu peşə məktəbinin şagirdləri şəhidin xatirəsini şeirlərlə yad ediblər. Anım tədbirində Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov çıxış edərək şəhər icra hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsağlığı verib, ailəsinə və qohumlarına səbir diləyib.
Qeyd edək ki, şəhid Məmmədov Şahmar Ağasəf oğlu 1977-ci il iyul ayının 12-i Mingəçevir şəhərində anadan olub. 1983-cü ildən 1991-ci ilədək Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli orta məktəbdə təhsil almışdır.
1993-1995-ci illər Mingəçevirdə, 39 saylı peşə məktəbində təhsil almış, 1995-ci il iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2014-cü ilin iyul ayında N saylı hərbi hissədə MAHHXHQ kursuna daxil olmuş, 2014-cü ilin sentyabrında həmin kursu bitirib, N saylı hərbi hissədə tuşlayıcı-operator vəzifəsində xidmət etməyə başlamışdır. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmiş, medalla təltif olunmuşdur.
Şəhidin bir qız övladı bizlərə yadigar, əmanət qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top