Kriminal avtoritet “Rəşad Gəncinski”yə qarşı ittiham irəli sürülüb


Cinayət aləmində “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılova qarşı Moskvada ittiham irəli sürülüb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, R. İsmayılov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayətkar ierarxiyada yüksək post tutmaq) ilə ittiham olunur.

Y. İvanovanın sözlərinə görə, R. İsmayılovun 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olduğu müəyyən edilib, bu səbəbdən də ona qarşı 210.1-ci maddə üzrə ittiham elan olunub. Eyni zamanda istintaq nəticəsində onun 2009-cu ildə törədilmiş qətllə əli olduğu müəyyənləşib.

Bununla əlaqədar R. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) və 222-ci (qanunsuz silah dövriyyəsi) maddələri üzrə ittiham irəli sürülüb.

Müəyyən edilib ki, 2009-cu il mayın 13-də axşam R. İsmayılov cinayət ortaqları ilə birgə Moskvanın İsmaylovsk şossesindəki kafelərdən birinə gələrək, avtomobilə odlu silahdan atəş açıb, nəticədə iki kişi öldürülüb.

İstintaqın versiyasına görə, R. İsmayılov öldürdüyü şəxsləri yaxın tanışlarının qətlində günahkar hesab edərək bu əməli törədib.

İstintaq hazırda “Rəşad Gəncinski”nin Rusiya paytaxtında digər cinayət əməllərinin olub-olmadığını araşdırır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top